Sələf Xəbər


ANALİTİKA VƏ İSLAM

 Son Xəbərlər

Allahın bəndədə sevdiyi 12 xüsusiyyət

Mart 03
16:56 2016

Ədalət, mərhəmət və gözəl əxlaq dini olan İslam, bütün bəşəriyyət üçün yeganə qurtuluş yoludur. Uca Rəbbimizin lütf etdiyi Qurani-Kərimdə bizə deyilən əxlaqi keyfiyyətlərə əməl etsək, ən doğru, ən ədalətli, ən əxlaqlı ümmət olarıq.

Sələf Xəbər saytı olaraq sizə Rəbbimizin bizə xitab etdiyi əxlaqi keyfiyyətləri təqdim edirik. Quran ayələrindən götürülmüş bu əxlaqi keyfiyyətlər dəyərli olduğu üçün uca Allah onları bizə xatırlatmışdır. Həmin dəyərlər aşağıdakılardır:

1. Doğruluq:

“Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin!” (Əhzab:70)

“Ey iman gətirənlər! Allahdan qorxun və (imanında, sözündə, işində) doğru olanlarla olun!” (Tövbə:119)

“Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! (Əleyhinə şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya (doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən) boyun qaçırsanız, (bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır!” (Nisa:4).

2. Səmimilik – ixlas:

“(Ya Peyğəmbər!) Biz Kitabı sənə haqq olaraq nazil etdik. Buna görə sən də dini məhz Allaha aid edərək yalnız Ona ibadət et! (Bütpərəstlər kimi Ona şərik qoşma. Allaha ixlasla tapın!)” (Zumər:39).

“Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar.” (Saff:3).

“Vay halına o namaz qılanların ki, Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar); Onlar (namazlarında) riyakarlıq edər.” (Maun: 4-6).

3. Fədakarlıq:

“Şübhəsiz ki, kafir olub kafir kimi ölənlərdən hər birinin dünya dolusu qızılı ola və (əzabdan qurtarmaq üçün) onu fidyə verə, yenə də qəbul olunmaz. Onları dəhşətli bir əzab gözləyir. Onlara (cəhənnəm odundan xilas olmaqdan) heç bir kömək edən olmaz!” (Ali İmran:91).

“Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (Və sonra da yedirtdikləri kimsələrə belədeyərlər: ) “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik.” (İnsan: 8-9).

“Yaxşılığı təmənna məqsədilə etmə!” (Müddəssir: 6).

4. Təvazökarlıq:

“Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər.” (Fürqan: 63).

“İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir.” (Loğman:18).

“O yaxşılıq edənlər ki, kiçik günahlar (xətalar) istisna olmaqla, böyük günahlardan və rəzil işlərdən (zinadan) çəkinərlər. Həqiqətən, sənin Rəbbin çox bağışlayandır. Sizi torpaqdan yaradan da, siz analarınızın bətnlərində rüşeym halında olanda da sizi ən gözəl tanıyan Odur. Özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən çəkinənin kim olduğunu ən gözəl biləndir!” (Nəcm:32).

5. Səbrli olmaq:

“Neçə-neçə peyğəmbər bir yığın möminlə birlikdə (düşmənə qarşı) vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nədə (kafirlərə) boyun əymişlər. Allah səbr edənləri sevər!” (Ali İmran: 146).

“Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyirlər.” (Bəqərə:155-156)

6. Bağışlamaq:

“Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrəbaya, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey) verməyəcəklərinə and içməsinlər. (Onları) əfv edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz (bu yaxşılıq müqabilində) Allahın sizi (günahlarınızı) bağışlamağını istəmirsiniz? Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!” (Nur:22).

“O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər.” (ali İmran:134).

“O kəslər üçün ki, böyük günahlardan rəzil işlərdən (zinadan) çəkinər, (birinə) qəzəbləndikləri zaman (onun günahını) bağışlayarlar;” (Şura: 37).

“Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs (pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, O, zalımları sevməz! Əlbəttə, hər kəs (pisliyə) səbr edib (qisası) bağışlasa, (onun bu hərəkəti şəriətcə) çox bəyənilən əməllərdəndir!” (Şura: 40, 43).

“(Yusif) dedi: “Bu gün sizə (etdiklərinizə görə) heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın! Çünki O, rəhm edənlərin ən rəhmlisidir! (Mən Allahdan sizin bağışlanmanızı diləyərəm. O da sizi bağışlayar!)” (Yusuf:92).

7.Təmizlik – paklıq:

“(Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır. O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar!” (Əla:14-15).

“Libasını təmizlə! (Nəfsini günahlardan pak et!) (Əzaba səbəb olacaq) pis şeylərdən uzaqlaş! (Bütləri tərk et!).” (Müddəssir: 4-5).

8. Dürüstlük:

“Yaxşı niyyət istisna olmaqla, yetimin malına həddi-buluğa çatana qədər yaxın düşməyin. (Bu mala ancaq onu qorumaq, artırıb çoxaltmaq və yetimin öz xeyrinə istifadə etmək məqsədilə əl vurmaq olar). Əhdə vəfa edin. Çünki (insan) əhd barəsində (qiyamət günü) cavabdehdir. (İnsan verdiyi əhdi yerinə yetirib-yetirmədiyi haqda sorğu-suala tutulacaqdır). Ölçəndə ölçüdə düz olun, (çəkəndə) düzgün tərəzi ilə çəkin. Bu (sizin üçün) daha xeyirli və nəticə etibarilə daha yaxşıdır!” (İsra: 34-35).

“Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini (onun sizə haram olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət) verməyin!” (Bəqərə:188).

9. İnsanlara yaxşılıq etmək:

“Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrəbaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!” (Nəhl: 90).

“(Malınızı) Allah yolunda xərcləyin. Öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq (ehsan) edənləri sevir.” (Bəqərə:195).

10. İnsanlara hörmətli davranmaq:

“Ey iman gətirənlər! Başqalarının evlərinə (sizin olmayan evlərə) sahiblərindən icazə almadan və onlara salam vermədən girməyin. Bu, (ədəb-ərkan baxımından) sizin üçün daha yaxşıdır. Bəlkə, (Allahın bu əmrinin hikmətini) düşünüb anlayasınız (və həmişə yadda saxlayıb ona əməl edəsiniz). Əgər orada heç kəsi tapmasanız, sizə icazə verilməyənədək içəri girməyin. Sizə“Geri dönün!” – deyilsə, geri dönün. Bu, Allahın yanında sizin üçün daha təmiz bir davranışdır. Allah nə etdiklərinizi biləndir!” (Nur: 27-28).

“Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!” (Hucurat: 12).

“Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır.” (Nisa: 86).

11. Cəsarətli olmaq:

“O kəslər ki, xalq onlara: “Camaat sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!” – dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: “Allah bizə bəs edər. O nə gözəl vəkildir!” – deyə cavab verdilər.” (Ali İmran: 173).

12. Mötədil olmaq:

“Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!” (Əraf: 31).

“Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan!” (İsra: 29).

Digər xəbərlər