Cəbhədə son baş verən hadisələrlə bağlı Qamət Süleymanovla EKSKLÜZİV MÜSAHİBƏ
6. 024 dəfə baxılıb
Son zamanlarda cəbhə xəttində gərginlik artmış, silah səsləri eşidilməkdədir. Hadisələrin belə inkişafını nəzərə alaraq bu mövzu ilə bağlı sizdən bəzi sualları cavablandırmağınızı istəyirik.
– Baxmayaraq ki, verəcəyimiz sualı artıq dəfələrlə cavablandırıbsınız, bir daha xatırlatmaq naminə soruşuruq. Qarabağda döyüşmək cihad sayılırmı?
– Bismilləhir-rahmənir-rahim. Bəli, Qarabağda döyüşmək cihad sayılır və bu müdafiə cihadının növlərindən biridir. İslamda cihadın ədəbləri, şərtləri və qaydaları müəyyən edilmişdir. Cihadın iki növü var: hücüm və müdafiə. Qarabağda döyüşmək də, təbii ki, müdafiə cihadına ən gözəl misallardan biridir. Yəni düşmən ölkəyə, bizim torpaqlarımıza girib, zəbt edibsə, bizim də haqqımız çatır ki, öz torpaqlarımızı müdafiə edib düşməni oradan çıxardaq. Bu da cihadın bir növü, müdafiə cihadıdır.
– Qarabağda ölən şəhid sayılırmı?
– Yuxarıda dediklərimə əsaslanaraq demək olar ki, əlbəttə ki, Qarabağda ölən şəhid sayılır. Vətən üçün döyüşüb ölmək də cihaddandır. Nəyə görə? Çünki Vətən üçün döyüşənin niyyəti öz ailəsini, malını qorumaq, evini qorumaqdır. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurub: “Kim malını qoruyaraq ölsə şəhiddir.” Qarabağda ölən kəs isə, həm malını, həm ailəsini, həm Vətənini qoruyur. Buna görə də, təbii ki, şəhiddir. Onun ölümü şəhidliyə daxildir.
– Bəziləri sizə qarşı irad tuturlar ki nəyə görə Qarabağda döyüşmək cihad sayılır, amma Suriyada və yaxud İraqda döyüşmək cihad sayılmır?
– Bilirsiniz, Qarabağ müharibəsi ilə Suriya və İraqda baş verənlər kökündən fərqlidir. Adıçəkilən ölkələrdə hakimiyyət uğrunda müharibədir, hərc-mərclikdir. Oranın xalqı rəhbərə qarşı çıxıb. Oraya düşmən girməyib ki, onu çıxarmaq üçün müharibə etsinlər. Bir sözlə, hakimiyyət davası gedir. Qarabağda isə belə deyil. Qarabağda açıq-aydın cihaddır. Burada məhz dövlətimizin ərazi bütövlüyü, cəmaatın müdafiəsi, torpaqların qorunması üçün erməni təcavüzkarlarına qarşı əsil müdafiə cihadı gedir.
– Əvvəllər də qeyd etdiyiniz kimi, cihada yalnız dövlət başçısının izni ilə gedilir. Bəs dövlət başçısı səfərbərlik elan etdiyi təqdirdə, bundan yayınanların İslamda hökmü nədir?
– İslama görə, bu insanlar böyük günah sahibi olacaqlar, çünki dövlət başçısı səfərbərlik elan edirsə, onda döyüşə getmək hamı üçün vacib olur. Döyüşdən qaçan, boyun qaçıran isə günah qazanır.
– Bu günlərdə mətbuatda xəbər yayıldı ki, bir dəstə sələfi camaatına mənsub şəxs cəbhə bölgəsinə gedib, döyüşə qatılmaq niyyətlərini oradakı rəhbərliyə bildirib. Belə dəstə-dəstə gedib döyüşlərə qatılmaq İslam nöqteyi-nəzərindən necə qiymətləndirilir?
– Düzdür, biz o qardaşların əzmliyini, Vətəni qorumaq niyyətlərini alqışlayırıq. Lakin bu gözəl niyyət olsa da, atdıqları addım səhvdir, bu yalnız dövlət başçısının icazəsi ilə edilməlidir. Hər kəsin bir dəstə yığıb getməsi düzgün deyildir. Əgər səfərbərlik elan olunsa onda iştirak eləmək lazımdır, yəni bu, fərdlərin hərəkətləri üzərində qurulmalı deyil, qanun çərçivəsində olmalıdır.
– Hal-hazırda cəbhə xəttində düşmənlə qəhrəmancasına üz-üzə duran igid oğullarımız vardır. Onlara nə demək istəyərdiniz?
– Onlar üçün dua edirik. Allahdan diləyirik ki, onların qədəmlərini möhkəm etsin, düşmən qabağında sabit etsin. Allah onları düşmən gülləsindən qorusun! Allah Təala onlara kömək olsun, düşmənə qalib gəlsinlər! Allahdan istəyirik ki həyatlarını itirənləri isə Öz Dərgahında şəhid olaraq qəbul etsin! Ailələrinə, qohumlarına və yaxınlarına isə səbr versin! Amin!