Sələf Xəbər


ANALİTİKA VƏ İSLAM

 Son Xəbərlər

Çeçen gənclər Suriyaya getdikləri üçün çox peşmandırlar

Fevral 03
18:05 2015

İŞİD terror xəvaric qruplaşmasının tərkibində vuruşmuş çeçenlər “Bu müharibə üçün ölməyə dəyməz” deyiblər.

“Sələf Xəbər” ria.ru saytına istinadən xəbər verir ki, İŞİD terror xəvaric qruplaşmasının tərkibində döyüşmüş çeçenlər “Rusiya bu gün” agentliyinə hərbi döyüşlər gedən ərazilərə yollanmaq qərarlarının yalnış olduğunu bildiriblər. “Heç kim kiminsə maraqları və pulları naminə ölməməlidir” – onlardan biri bəyan edib.

İŞİD terror xəvaric qruplaşmasının tərkibində vuruşmuş və vətənə qayıtmış çeçenlər Suriyaya getdikləri üçün peşmandırlar: onların fikrincə, bu, uğruna ölməyə layiq müharibə deyil. Onlardan bir neçəsi bunu “Rusiya bu gün” agentliyinin müxbirinə müsahibələri zamanı bildirib.

İraq və Suriyanın mühüm hissəsini ələ keçirmiş İŞİD terror xəvaric qruplaşmasının geniş ekspansiyası 2014-cü ildə dünyanın gündəliyində duran əsas məsələlərdən biri olub. Mərkəzi Kəşfiyyat İdarəsinin hesablamalarına əsasən, 30 mindən çox döyüşçüsünün olduğu bildirilən qruplaşma, ələ keçirdiyi ərazilərdə xilafət elan edib və öz nəaliyyətlərini genişləndirməyə can atır. 2014-cü ilin yayında döyüşlərə qatılmaq üçün Suriyaya yollanmış 25 yaşlı Çeçenistan sakini Maqomedin sözlərinə əsasən, onun hər şeyi atıb Suriyada döyüşə getməsi üçün əsas səbəb Suriyada vəziyyəti təsvir edən videogörüntü olub.

O, “İnternetdə, qadınların və uşaqların təhqir edildiyi videoya rast gəldim. Onların hiss etdiyi ağrılara və göz yaşlarına laqeyd qala bilməzdim. Öz-özümə düşündüm ki, ailəm yaxşı yaşayır – ac deyillər, soyuqdan donmurlar, ayaqqabıları, geyimləri var. Və qərara gəldim ki, bütün bunlara ən çox ehtiyacı olan insanlara kömək edim”, – deyərək bildirib. Lakin Maqomed qohumlarına Misirə oxumağa getdiyini söyləyib.

Onun sözlərinə əsasən, o, Çeçenistana bir neçə ay sonra, internetdə gördüklərinin reallıqla əlaqəsi olmadığını başa düşdükdən sonra qayıtmağı qərara alıb. Maqomed deyib: “Əlbəttə ki, inanc, ideya uğrunda döyüşənlər də var, amma bunu müqəddəs müharibə adlandırmaq olmaz. Kamera qarşısında insanların boğazını kəsmək – cihad deyil. Və orda qaldığım 5 ay ərzində nə bir dəfə əzab çəkən qadın, nə də ölən uşaq gördüm. Halbuki, çoxları mənim kimi bunun həqiqət olduğuna inanır və ev-eşiyini qoyub ora yollanır”.

Onun sözlərinə əsasən, bu 5 ay ərzində o hərbi döyüşlərdə iştirak etməyib və bütün bu vaxtı təlim bazasında keçirib. Özü də onlara ayda cəmi 50 dollar ödəyiblər: “Axı, mən ora pula görə getməmişdim və bilirdim ki, ölümə gedirəm. İndi başa düşürəm ki, bu səmərəsiz qurbanlardır və insanların təsəvvür etdiyi müharibə deyil. Mən eşitmişdim ki, Amerika ilə müharibə aparan “İslam Dövləti” elə onların özünə neft satır. Heç kim kiminsə maraqları və pulları naminə ölməməlidir”,- deyərək belə hesab etdiyini qeyd edib.

Döyüşmək üçün Suriyaya yollanan və sağ qalmağı bacaranlar arasında 22 yaşlı Çeçenistan sakini Əhməd də olub. O, kollecdə proqramist ixtisası üzrə təhsil alırmış. O da qadınlar və uşaqlara qarşı zorakılıq törədildiyini göstərən videoçarxları izləyib. O əmin imiş ki, Suriyanın hökumət qüvvələri yerli əhaliyə zülm edir. İnternetdə ona “doğru yolu” göstərənlərlə tanış olduqdan sonra, 2013-cü ildə Əhməd öz həyat yoldaşı və övladını götürərək Türkiyəyə yollanır. Ailəsini orada qoyan gənc döyüşməyə gedib. O demək olar ki, bir ilini “İmarat Qafqaz”da keçirib.

Əhməd belə deyib: “Mən demək olar, dərhal anladım ki, buradan qurtulmaq lazımdır, lakin çıxış yolu tapa bilmirdim. Heç nə ora gedəndə təsəvvür etdiyim kimi deyildi. Kimin kiminlə vuruşduğu və ən əsası nə uğrunda vuruşduğu anlaşılmır”.

O, sözlərinə əlavə edib ki, indi bu müharibəyə fərqli gözlə baxır: “Biz bir növ alət idik. Bizi, sadəcə, öz maraqları uğrunda təhlükəyə atırdılar. Kobud desək, bizim hesabımıza pul qazanırdılar. Çox güman ki, amerikalı sponsorların yolladığı videoçarxlar insanların sadəcə olaraq müsəlman olduqları üçün öldürüldüyü təsəvvürü oyadırdı. Biz öz dinimizi qorumaq istəyirdik, lakin dinimizlə heç bir əlaqəsi olmayan şeylər görürdük. Mən oradakı çeçenlərlə danışırdım. Çoxları peşman olmuşdu, amma qaçmaqdan qorxurdular və sadəcə olaraq bunu necə edəcəklərini bilmirdilər. Əgər başçılar evə qayıtmaq istədiyini öyrənsələr, o dəqiqə gözdən düşəcəksən. Səni döyə, yaralaya və ya digər cəza verə bilərlər. Birinci cəhddən sonar, hətta, öldürə də bilərlər”.

İndi Əhməd Suriyaya getdiyinə görə peşmandır. “Mən başa düşdüm ki, bu, uğrunda ölməyə layiq müharibə deyil. Mən gəncləri bu cür münaqişələrdən uzaq durmağa çağırıram. Heç nə bizə təqdim olunduğu kimi deyil. Reallıq başqadır”, – deyərək fikrini tamamlayıb.

 Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir. Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD terror xəvaric qruplaşmasının) İslama aidiyyəti yoxdur.”

Digər xəbərlər