Sələf Xəbər


ANALİTİKA VƏ İSLAM

Cənazən qarşındadır: sənə verilən iki böyük əmanətə sahib ol

Noyabr 07
11:51 2014

“Sələf Xəbər”-in təqdim etdiyi məqalədə müəllif oxucuya müraciət edərək, ona ölümün yaxın olduğunu xatırladır və vaxtı yaxşı dəyərləndirərək onu faydasız işlərlə itirməməyi nəsihət edir.

Cənazə qarşındadır… Bir çoxlarını bilmirəm, qəlbi olub düşünən hər kəsi vahimə bürüyür. Bu qədər insanların qarşısında dayanan cənazə mən də ola bilərdim. Sən də ola bilərdin. Əslində mən də bir müddətdən sonra belə cənazə olacağam və sən də olacaqsan. Məgər buna şübhən var? Yox. Bir anlıq dayan. Sən də cənazəsən. İndi qarşıda gördüyün cənazə mənəm, baxıb pis olma, əksinə bax və təsirlən ki, sən də cənazəsən. Bədənin buz kimidir. Tabutdasan. Bədənin sakit vəziyyətdə qalıb. Heç nə deyə bilmirsən. Çünki artıq dilin bağlanıb. Heç bir hərəkət edə bilmirsən, çünki artıq əllərin və ayaqların bağlanıb. Ətrafında olanlar hamısı vahimə içindədirlər. Çünki artıq kitabın bağlanıb.

Hörmətli dostum, məgər belə olacağına inanmırsan? İnanırsan. Elə isə gənc dostum, yaxud hörmətli, dəyərli, Allahın mələklərini özlərinə baş əydirdiyi insanlar, vaxtınızı hara, nə üçün, kimin üçün ayırırsınız? Nə üçün sizə verilən ən qiymətli vaxtınızın qədrini bilmirsiniz? Elə bir vaxt ki, o bir daha sizə verilməyəcək, həmçinin sizə verilən bu vaxta görə həm Allah yanında məsuliyyət daşıyır, həm də sizin bu səviyyəyə çatmağınız üçün zəhmət çəkən bütün insanlar qarşısında məsuliyyət daşıyır, bundan başqa özünüz öz nəfsiniz üçün məsuliyyət daşıyırsınız. Dəyərli oxuyucu, elə bir günü düşün ki, bütün bədən orqanların, dərin, əlin, ayağın, gözün və s. bütün orqanların sənin əleyhinə, sənin üzünə duracaqlar. Həmin günü sənə xatırlatmaq, həmin günə hazırlanmaq üçün həm özümə, həmdə sənə faydalı hesab edəcəyim bəzi həqiqətləri çatdırmaq istəyirəm.

Əvvəlcə xatırladım, bəlkə fərqində deyilik, Allah Təala bizə çoxsaylı nemətlər verib ki, bunlardan ikisi daha böyük və mühüm nemətlərdir. O nemətləri mən yox, Allah tərəfindən bizə göndərilən Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bizə xəbər vermişdir.

İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə deyilir: “Allahın Rəsulu (Allahın ona salavat və salamı olsun) dedi: “İki nemət vardır ki, insanların çoxu onda aldanmışlar: Bədənin səhhəti (sağlam olması) və boş vaxtdır” (Buxari, 6412).

Aişədən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə deyilir: “Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) Ramazanın son on günü gəldiyi zaman gecələri ibadətlə keçirər (yəni əhya edər), ailəsini yuxudan oyadar, digər vaxtlarda etdiyi ibadətdən daha çox ibadət edər və kəmərini möhkəm saxlayardı (yəni ibadət etmək üçün xanımlarından uzaq durardı).” (Buxari, 2 024, Müslim, 1174).

İbn Məsuddan rəvayət olunduğuna görə, Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) belə buyurmuşdur: “Qiyamət günü bu beş şeydən soruşulmadıqca Adəm oğlunun ayağı Rəbbinin yanından ayrılmayacaqdır: Ömrünü harada keçirdiyindən (hədər etdiyindən), gəncliyini harada tükətdiyindən (fəna etdiyindən), malını haradan əldə edib haraya xərclədiyindən, bildiklərinə (elminə) nə qədər əməl etdiyindən.” (Tirmizi 2416). Albani bu hədis haqqında “Səhihul-Cami”də 7299-cu hədisə “həsəndir” demişdir.

Abdullah ibn Məsud (Allah ondan razı olsun) bu hədisi oxuduqda belə demişdir: “Hər biriniz açıq-aydın, heç bir buludun olmadığı gecədə ay ilə təkbətək, baş-başa, yəni ayı təmiz görərək qaldığı kimi Qiyamət günündə Allah Təala ilə baş-başa (yəni təkbətək) qalacaq və Allah Təala ondan bunları soruşacaqdır:

Ey qulum! Mənə qarşı səni aldadan nə idi?
Öyrəndiklərinlə nə qədər əməl etdin?
Elçilərimə (göndərdiyim peyğəmbərlərə) nə cavab verdin? (Heytəmi, Məcmauz-Zəvaid, 347, Tabarani).

Yenə Abdullah ibn Məsud (Allah ondan razı olsun) belə demişdir: “Günəşi batan, ömrümü azaldan və əməlimi artırmayan bir günə peşman olduğum qədər heç bir şeyə peşman olmadım.”

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bu dəyərli sözü axirəti istəyən kimsə üçün örnək vermişdir. Çünki şeytan, o kimsənin yolunun üstündə gözləyəcək, nəfsi və yalançı əməlləri də onun yardımçıları olacaqdır. Əgər gedəcəyi yola diqqət edərsə və əməlində, işində niyyətini xalis (yalnız) Allaha aid edərsə şeytandan, onun hiyləsindən və köməkçilərinin özünün yolunu kəsməsindən əmin olar. Allahın Rəsulu (Allahın ona salavat və salamı olsun) axirət yoluna yönəlmənin, axirəti əldə etmənin çox çətin olduğuna və çox az bir çalışmaqla onu əldə etməyin mümkün olmayacağına diqqət çəkmişdir.

Bu gün biz Allaha və göndərdiyi Rəsuluna (Allahın ona salavat və salamı olsun) tabe olduğumuza görə baxırsan ki, əvvəllər həmişə bizimlə olmağı istəyən, həmişə bizimlə olan yaxınlarımız bizimlə əlaqəni kəsməyə cəhd edirlər. Daha doğrusu özləri haramların içində olduqları üçün bizi yaxın buraxmırlar. Bu Allaha bağlı olanlar üçün əslində bir sevinc olmalıdır. Çünki dərk etməlidir ki, Allah həmin şəxsin qəlbini görür və Allaha bağlı olduğu üçün daima onun qəlbinə nur və rahatlıq gətirir. Yer üzərində ən dəyərli insanlar məhz Allaha və sonra Rəsuluna (Allahın ona salavat və salamı olsun) tabe olan və axirəti üçün çalışan insanlardır.

Bu gün Allaha bağlılıq göstərən bir insan haram məclislərə getmir deyə, harama baxmır, haramı dinləmir deyə ondan üz çevirmə. Ona bilmədiyin bir məsələyə görə arxa çevirmə. Unutma! Yer üzərində olan bütün insanlar həmin şəxsdən üz çevirsələr belə, əgər Allah ondan razıdırsa və Allaha bağlı olduğu üçün özünü xoşbəxt hesab edirsə sənin üz çevirmən ona nə zərər gətirər, nə də fayda verə bilər.

Əbu Hüreyrədən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə deyilir: Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) belə dedi: “Kim düşmənin hücumundan qorxarsa gecə vaxtı tədarük görüb yola düşər. Kim gecədən yola düşərsə gedəcəyi yerə (mənzilə) çatar. Yaxşı-yaxşı bilin ki, Allahın verəcəyi nemətləri (verəcəyi dad, məta) çox (dəyərli, üstün) bahalıdır. Yaxşı-yaxşı bilin ki, Allahın verəcəyi o üstün (dəyərli) dad, ləzzət, məta Cənnətdir” (Tirmizi, 2450, Şeyx Albani bu hədisin səhih olduğunu təsdiqləmişdir).

Buna görə də biz dayanmadan gecə və gündüz axirət həyatımız üçün tədarük görməliyik. Beləliklə, biz dərk etməliyik ki, vaxt həyatın özüdür (əsasıdır). Hər kim vaxtını boş yerə keçirib itirərsə həyatını itirmiş olar. Bundan başqa axirətdə boş yerə xərclədiyi, israf etdiyi bu vaxtından hesaba çəkiləcəkdir. Bir çox insan vaxt barəsində aldanıb zərərə düşür, vaxtını dünya və axirətdə özünə zərər verəcək işlərdə hədər edir. Belə hala düşməkdən Allaha sığınır və bizim bütün xətalarımızı düzəltməsində uca Allahdan kömək istəyirik. Bu bir xatırlatma idi. İlk növbədə özüm üçün.

Çünki artıq həmişə bizimlə olan, həmişə bizdən ayrılmayan, həmişə bədənimizdə öyrəşdirdiyimiz ruhumuz mütləq əvvəlcədən təyin olunmuş, müəyyən əcəl vaxtımızda bədənimizi tərk edəcək. Haraya gedəcəyi, nə ilə qarşı-qarşıya gələcəyi də bizə məlum deyil. Dəyərli dostum, gəlin köməkləşib son mənzilimiz üçün tədarük görək. Bu nəsihəti həm özüm üçün, həm də sizin üçün etməkdə məni müvəffəq edən uca Allaha həmd olsun.

Hazırladı: Əkrəm Həsənov

Digər xəbərlər