“Xilafət” yaratmaq üçün 6 sadə addım
1. 680 dəfə baxılıb
“Sələf Xəbər” www.slon.ru saytına istinadən “islam dövləti təhlükəsindən” danışmağın dəbə çevrilməsi barədə yazır. Birincisi, İD terror xəvaric qruplaşmasının fəalları beynəlxalq şəbəkədə vəhşi əməllərini yayaraq daim özlərini gündəmdə saxlayırlar. Terrorçuların son qurbanı Suriyada fransız humanitar missiyasının əməkdaşı Devid Heyns olub.
O, İD döyüşçüləri tərəfindən edam edilmiş sayca 3-cü qərb ölkəsi vətəndaşıdır. Belə görünür ki, o heç də sonuncu qurban deyil. İkincisi, Vaşinqton, Brüssel və Uelsdə tünd kostyumlu ciddi kişilər son ay ərzində bir gündə dəfələrlə “İŞİD” sözünü elə tonla tələffüz edirlər ki, Ebola virusundan, İran nüvə proqramından və ozon təbəqəsindəki dəlikdən çox təhlükəli olmayan “İslam dövləti” adlandırılan bu terror qruplaşmasının Amerikadan başlamış Rusiyaya qədər bütün dünya ölkələri üçün təhlükə olduğu anlaşılır. Belə məqamlarda İŞİD piarçıları sevinirlər: axı heç bir xüsusi səciyyə daşımayan hər hansı yeni brendi belə tez və effektiv şəkildə reklam eləmək olmur.
İD adından və İD haqqında danışılanlar digər radikal islamçı təşkilatlar və hərəkatlar barəsində söhbət gedərkən artıq deyilib və yazılıb. Özünü xəlifə elan etmiş Əbubəkr əl-Bağdadi heç də yeni bir şey icad etməyib. O və onun tərəfdarları sadəcə son 80 ildə havada dolaşan bir neçə məşhurislam nəzəriyyəsini birləşdirib, bu nəzəriyyələri xüsusi görkəm verib (qara bayraqlar, baş kəsmə və kütləvi qətllər) və bu təhlükəli qarışığı beynəlxalq şəbəkəyə buraxıblar.
Yerdə qalan işi “qaynar mövzu” ovuna çıxmış sosial şəbəkələr, jurnalistlər və Yaxın Şərq reallıqlarına az bələd olan siyasətçilər görüb. Və budur, əli altında 30-40 min insan olan, nəhəng bir əraziyə səpələnmiş qruplaşma qəfildən azad dünya üçün əsas təhlükəyə çevrilir.İndi Əbubəkr əl-Bağdadi “Şəxsi xilafətin yaradılması üçün 6 sadə addım” adlı bestseller kitab yaza bilər:
1. Qara bayraq zəruridir
Qara bayraqsız heç nə alınmayacaq, bunu hamı bilir. Hər hansı İraq və ya Suriya kəndinə yük maşınlarında silahlı insanlar gəlsə, yerli əhali elə düşünür ki, bu adi tayfalararası dava və ya adi toydur. Çünki o regionlarda toylarda da atəş açmaq adətdir. Keçmişdə də Səddam Hüseynin və ya Hafiz/Bəşər əl-Əsədin muzdla tutduğu bu qruplaşmalar beləcə əhalini dəhşətə salır, insanları qətlə yetirir, həbsə atır, ölkənin bir ucundan o biri ucuna didərgin salırdılar. Lakin, bu gün istifadə edilən bu ucuz qara parça məsələni daha da vahiməli edib.
2. Məşhur nəzəriyyə bazasını mövcud şərtlərlə uyğunlaşdırmaq
İdeoloji planda İD milliyyətcə Misirli olan, “Müsəlman qardaşlar” terror təşkilatının və digər radikal islamçı qruplaşmaların və hərəkatların əsas ideoloqlarından biri olan Səid Qütbün əsərlərinə əsaslanır. Onun ən məşhur əsəri olan “Dönüş nöqtələri” (1964) kitabında “təkfir” və “hicrət” kimi məsələlərdən bəhs edilir. “Təkfir” – sadəcə kafirləri, yəni qeyri-müsəlmanları deyil, həm də cəmiyyətin həyatında islam dininin rolu barədə başqa nəzər nöqtəsinə malik müsəlmanları kafir elan etməkdir. “Hicrət” isə – hərfi mənada “köçmə” deməkdir və qaranlıqdan işığa, küfrdən islama fiziki və ya mənəvi mühacirlikdir. Hal-hazırda İD tərəfdarları Avropadan İraq və Suriyaya “hicrət” edirlər, bu ölkələrin vətəndaşı olan İD döyüşçüləri yeni ailələrə və ya yeni əqidəyə qovuşmaq üçün öz ailələrindən və tayfalarından uzaqlaşırlar. Hər şey çox sadədir – kim bizimlə deyilsə, bizim əleyhimizədir və kim bizimlədirsə – keçmişi geridə qoyaraq xilafətin qurulması üçün səylərini birləşdirməlidir.
3. Müsəlmanların emosiyalarından istifadə etmək
Qızıl dövrü VII-VIII əsrlərə təsadüf edən xilafətin yüksəlişi və Üməyyə sülaləsinin hakimiyyətdə olduğu dövr – heç də yeni məsələ deyil. Osmanlı imperiyasının dağılması və Türkiyənin müstəqilliyinin elan olunmasından sonra Yaxın Şərqin müxtəlif hissələrində xilafətin qurulmasına çalışan müxtəlif hərəkatlar və qruplaşmalar fəaliyyət göstərir. Çox güman ki, bu hərəkatlardan ən məşhuru – 1954-cü ildə Şərqi Yerusəlimdə qurulmuş “Hizb ət-Təhrir” hərəkatıdır. Bu hərəkatın üzvləri Osmanlı imperiyasının dağıldığı gün matəm mərasimləri keçirir və müddətini bildirmədən islam xilafətinin qurulmasına hazırlaşırlar. Onlar da (VIII əsrin ikinci yarısından XIV əsrə qədər hökmranlıq etmiş Abbasilər sülaləsi üçün səciyyəvi olan) qara bayraq qaldırırlar, odur ki, bəziləri “Hizb ət-Təhriri” “Əl-Qaidə” ilə qarışdırır.Misirdə, Suriyada və Yaxın Şərqin digər ölkələrində “Müsəlman qardaşlar” təşkilatı kimi digər məşhur islam hərəkatları də nəticə etibarilə xilafətin yüksəlişinə can atır. Onlar və İD liderləri arasında yeganə fərq – zamandır.
“Müsəlman qardaşlar”, sistemi laxlatmadan, əlləri altındakı resursları mənimsəməyə üstünlük verməklə vəziyyətə daha real yanaşırlar. İD isə hesab edir ki, xilafətin qurulması ilə elə indi məşğul olmaq lazımdır. Bir vaxtlar Yerusəlimin küçələrində ağ geyimli, əlində səsucaldanla gəzən bir adam Amerika ləhcəsində deyirdi: “Biz elə bu gün Məsihin gəlməsini istəyirik”. Elə Əbubəkr əl-Bağdadi də hesab edir ki, bu məsələni sonraya saxlamaq lazım deyil və Suriyanın Rakka şəhərini xilafətin paytaxtı elan edib. Niyə məhz Rakka? Çünki hələ başqa seçim yoxdur. Nə Dəməşq, nə Bağdad, nə də Yerusəlim təslim olmur, paytaxtsız xilafət isə sanballı səslənmir.
Bütövlükdə, təkcə “Müsəlman qardaşlar” və İD tərəfdarları yox, bəzi digər müsəlmanlar da xilafətin qurulmasını ağıllı fikir hesab edir. Milli dövlətlər birliyi ideyası heç də bütün Yaxın Şərqdə geniş yayılmayıb. Bu yaxınlarda Misirli vaiz və “Müsəlman qardaşlar” təşkilatının fəallarından biri olan Saffət Hicazi açıq şəkildə “İslam Birləşmiş Ştatlarının” yaradılmasına çağırıb. Yüz minlərlə misirli bu sözləri alqışlayaraq, gələcək xilafətə dəstək veriblər. Lakin, hələ ki, “Müsəlman qardaşlar” Misir ordusu ilə vuruşmaqdadır, İD İraq hökumətinin zəifliyindən və Suriyadakı müharibədən istifadə edərək bu sözləri əməldə göstərir.
4. İnsanları ölümünə qorxutmaq
Aydındır ki, müxtəlif yaşlarda olan və müxtəlif dərəcədə hərbi hazırlıq keçmiş 30 min cihadçı əlbəttə ki, böyük qüvvədir. Lakin o dərəcədə də böyük deyil ki, NATO-nun sammiti müstəsna olaraq ona həsr edilsin. Nümunə üçün deyək ki, Liviyanın Zintan şəhərində də islamçı olmayan hərbi qruplaşma mövcuddur. Bu qruplaşma mərkəzi hökumətlə əməkdaşlıq etmək istəmir, özbaşına cəzalandırma həyata keçirir və ümumiyyətlə demokratik və müstəqil Liviyanın yaradılması yolunda böyük maneədir. Bu qruplaşmanın tərkibində təqribən 25 min insan var. Və bu qruplaşma bu gün Liviyada fəaliyyət göstərən çoxlu sayda qruplaşmalardan yalnız biridir. Onlar da digər terror qruplaşmalarının əməllərini törədir, lakin islam və xilafət barədə iddiaları yoxdur – sadəcə insanları qətlə yetirir, əraziləri yandırır, zor tətbiq edirlər. İD-nin başlıca fərqi – ictimai qorxutma taktikasıdır. Bir neçə jurnalistin edam olunması, Suriya ordusunun yüzlərlə əsgərinin öldürülməsi, minlərlə “kafirin” – yezidilərin və şiə-türkmənlərin qovulması və ABŞ, Avstraliya və Avropada terror aktlarının törədilməsi vədi: bütün bunlar müntəzəm şəkildə “Twitter”, Facebook və YouTube kanallarında peyda olur işin qalanını müasir KİV və sosial şəbəkələr həyata keçirir. 2000-ci illərin ortalarında “Əl-Qaidə” başkəsənləri də İraqda yerli və qərbli düşmənlərin başını kəsmək və çarmıxa çəkməklə məşğul idilər. Lakin, o zaman sosial şəbəkələr hələ təzə-təzə meydana gəlirdi və vahiməli hadisələrin xəbəri dünyaya bugünkü qədər sürətləyayılmırdı.
5. Yaxın Şərqdəki xaosdan və qərbin səhlənkarlığından istifadə etmək
15-20 il bundan əvvəl İraqda hakimiyyətin başında Səddam Hüseyn, Suriyada isə Hafiz əl-Əsəd duranda, İD-in 30-40 min döyüşçüsü Rakka və Mosulu ələ keçirməyi heç arzulaya da bilməzdilər. Avropa və ya Amerika vətəndaşları olan gənc, sərgüzəşt sevən islamçıları Əfqanıstan, Çeçenistan və Bosniyaya cəlb edən radikal islam ideologiyası və “cihad romantikası” hələ o dövrdə də mövcud idi. O zamanlar asayişi pozanların başı onlar üsyana qalxmadan kəsilirdi.
Elə düşünmək lazım deyil ki, hər iki lider – Səddam və Hafiz xain Qərbin maliyyələşdirdiyi terrora qarşı döyüşən qəhrəmanlar idi. Əksinə, bu zəhərli zoğlar məhz Suriya və İraq zəminində, orada post-müstəmləkə dövründə qurulmuş polis sistemi və avtokratik dövlətlər sayəsində cücərdi. Lakin, avtokratiyanı xaos əvəzlədi, terrorcularin hərəkəti asanlaşdı.
İraqda İD döyüşçülərinin özəyi Almaniya, İngiltərə və Belçikadan cəlb edilmişlər yox, Amerika hərbi idarəsinin sayəsində küçələrə düşmüş İraq ordusunun keçmiş zabitləri və əsgərləridir. Beləcə “Əl-Qaidə” kimi qruplaşmalar da onları küçələrdən yığdı. Terrorizmin müxtəlif şəkillərdə çiçəkləndiyi Avropada isə insanları cəlb etmək heç də çətin deyil. Söz azadlığı egidası altında London məscidlərində “Cəməə əl-İslamiyyə”, “Əl-Təkfir və əl-Hicrə”, “Müsəlman qardaşlar” və digər təşkilatların liderləri və xadimləri moizələrlə çıxış edərək, Romanın istila edilməsinə, Avropada şəriətin tətbiq edilməsinə və “xilafətin “qurulmasına çağırır və Avropa ölkələrindən heç birində bu çağırışları qadağan edən heç bir qanun yoxdur.
6. Qarət etmək, talamaq, soymaq
Mosuldakı (Şimali İraq) bir çox banklar və şirkətlər talan edilib, İD liderləri isə bunu “hərbi vəziyyətin qanunları” kimi izah edirlər. “Xilafətin” rəhbərləri vicdanları sızlamadan İraq neftini hər istəyənə dəyərindən ucuz qiymətə satırlar. Nəğd pul həmişə lazım olur, OPEK qanunları isə xilafətin sakinləri üçün boş şeydir. Əbubəkr əl-Bağdadi gözəl başa düşür ki, əgər yerli və əcnəbi “cihadçıların” zəhmət haqqı ödənilməsə, onlar mütləq haqqı ödəmək iqtidarında olan başqa təşkilatların tərəfinə keçəcəklər. Bu gün İD liderləri döyüşçülərə tibbi sığorta (bu işlər əlbəttə ki, müəyyən risklə bağlıdır), qida və şəxsi evlə təmin edirlər. Əlbəttə ki, bunlara yüz minlərlə insanın tamah salacağı ağlabatan deyil, lakin döyüşənlərin haqqını ödəmək, həmçinin silah əldə etmək, zəbt edilmiş ərazilərdə əhalinin ehtiyaclarını ödəmək və s. lazımdır. Əbubəkr əl-Bağdadi öz xilafətini əldə saxlaya biləcəkmi? Hal-hazırda bu məsələ qeyri-mümkün olmasa da, qismən problematikdir. Ərəb ölkələrinin İD-lə müharibədə fəallıq göstərməsinin, həmçinin bomba atmaq üçün himə bənd olan, lakin başkəsənlərlə əlbəyaxa döyüşdən qaçan amerikalıların və avropalıların “xoş” niyyətlərini nəzərə alsaq, çox güman ki, İD-nin ekspansiyası dayanacaq, lakin bəzi ərazilər islamçıların nəzarəti altında qalmağa davam edəcək. İD-ə hansı yolla məhvedici zərbə endirmək və bu qorxunc hadisələrin gələcəkdə təkrarlanmasının qarşısını almaq olar? Təəssüflər olsun ki, bu barədə növbəti “Xilafətin məhv edilməsinə dair 6 sadə addım” adlı bestsellerin müəllifi heç də ABŞ dövlət katibi Con Kerri olmayacaq.