Dünyanın üçüncü ən böyük məscidində Azərbaycan şəhidləri üçün cənazə namazı qılınıb
1. 165 dəfə baxılıb
AzərTAc xəbər verir ki, İndoneziyada dünyanın üçüncü ən böyük məscidində Azərbaycan şəhidləri üçün cənazə namazı qılınıb.
Azərbaycanın İndoneziya, Timur Leste, Filippin və Sinqapurdakı səfirliyindən verilən məlumata görə, səfir Tamerlan Qarayev avqustun 8-də İndoneziyanın İstiqlal məscidinin imamı professor Əli Mustafa Yaqub ilə görüşüb.
Görüşdə ikitərəfli əlaqələrdən, İslam tarixində və ədəbiyyatında Azərbaycanın rolundan bəhs olunub. Müasir dövrdə İslam dünyasının və müsəlmanların üzləşdiyi çətinliklər, o cümlədən Ermənistanın Azərbaycana hərbi təcavüzü, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı və çoxsaylı terror aktları barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, Azərbaycanın münaqişəni sülh yolu ilə həlli üçün göstərdiyi səylərə baxmayaraq, Ermənistan beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymur, atəşkəs rejimini mütəmadi şəkildə pozur, hətta mülki şəxsləri qətlə yetirərək müxtəlif təxribatlar törədir. Cəbhə xəttində baş verən son hadisələr, müqəddəs Ramazan bayramı günlərində ermənilərin Azərbaycan mövqelərinə basqınları nəticəsində əsgərlərimizin şəhid olması və çoxsaylı mülkü şəxslərin zərər çəkməsi buna ən yeni misal ola bilər.
Əli Mustafa Yaqub Ermənistanın Azərbaycana hərbi təcavüzündən xəbərdar olduğunu, hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini və ermənilərin davam edən təcavüzü barədə yerli ictimaiyyətin bundan sonra da ətraflı məlumatlandırılacağını bildirib.
İstiqlal məscidində qılınan cümə namazından sonra camaat qarşısında çıxış edən Ə.M.Yaqub, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsindən, ermənilərin azərbaycanlılara qarşı törətdiyi qanlı cinayətlərdən danışıb. Bildirilib ki, ötən əsrin 90-cı illərindən etibarən, ermənilər 20 mindən artıq azərbaycanlını qətlə yetirmiş, 1 milyon insanı yurd-yuvasından didərgin salmış, şəhər və kəndləri viran qoymuş, məscidləri dağıtmışlar.
Daha sonra Azərbaycan şəhidləri üçün cənazə namazı qılınıb, onlar üçün dualar oxunub. Mərasim yerli televiziya kanalları tərəfindən canlı yayımlanıb.
Qeyd edək ki, 200 min nəfərin eyni vaxtda namaz qılmasına imkan verən İstiqlal məscidi dünyanın 3-cü ən böyük məscididir.
Sələf Xəbər: Səlman Farisi (Allah ondan razı olsun) deyir: “Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini eşitdim:“Müsəlmanların sərhədlərini bir gecə qorumağın savabı bir ayın orucu və ibadətindən daha xeyirlidir. Əgər orda ölərsə, sağ ikən etdiyi yaxşı əməllərinin savabı ona yazılmaqda davam edər, fitnədən qorunar.” (Muslim, Tirmizi və Nəsai rəvayət edib, Təbaraninin rəvayətində isə bu cümlə artırılıb – “Qiyamət günü şəhid olaraq dirilər”.)