Su qıtlığı haqda hesabat: Azərbaycan risk qrupundadır
1. 098 dəfə baxılıb
“Sələf Xəbər”-in Virtualaz.org saytına istinadən xəbərinə görə, ABŞ kəşfiyyatı dünyanın üzləşdiyi qlobal problemlərin və təhdidlərin sırasına daha birini əlavə edib. Kəşfiyyat, iqlim dəyişikliklərinin beynəlxalq münasibətlərə təsirinin getdikcə artdığı haqda xəbərdarlıq edir.
Hesabat haqda yazan “Forreign Policy” jurnalı ABŞ kəşfiyyatının su resurslarının qıtlığına görə yeni müharibələrin başlaya biləcəyi haqda xəbərdarlıq edib.
Bildirilir ki, hesabat ABŞ milli kəşfiyyatının ölkənin milli təhlükəsizliyi üçün yaxın 4 ildə yarana biləcək əsas çağırışlar və təhdidlər barədədir. Sənədə əsasən içməli su resurslarının qıtlığı qlobal təhlükəsizlik üçün ciddi təhdid təşkil edir. Amerika xüsusi xidmət orqanları su qıtlığını kütləvi qırğın silahlarının sürətlə yayılması, terrorçuluq, mühüm infrastruktur obyektlərinə kiberhücumlar kimi təhdidlərlə bərabərləşdirib.
Sənəddə deyilir ki, çirklənmə, su mənbələrinin quruması, planetin əhalisinin artması, urbanizasiya tempinin artması və sənaye istehsalına görə dünyada içməli su ehtiyatları hər il azalır. Ən böyük risklə Çin, Banqladeş, Hindistan, Niderland, Pakistan, Filippin, ABŞ və kiçik ada dövlətləri qarşı-qarşıyadır.
İçməli su qıtlığından bir çox inkişaf edən ölkələr əziyyət çəkir. Bu zəmində daxili münaqişələr və dövlətlərarası mübahisələr tez-tez baş verir. Bildirilir ki, son 50 ildə içməli su üstündə azı 37 dövlətlərarası kəskin mübahisə baş verib. Həmçinin bu dövrdə dövlətlər içməli su ehtiyatlarından istifadəyə dair 150 müqavilə bağlayıblar.
Hazırda planetin əhalisinin 2,6 milyard nəfəri təmiz içməli su əldə edə bilmir. Proqnozlara görə, 2030-cu ildə dünyada içməli suya tələbat 55 faiz artacaq. İçməli su qıtlığı ərzaq qıtlığına da səbəb olacaq. Çünki hazırda şirin su ehtiyatlarının 70 faizi suvarmaya sərf olunur. ABŞ kəşfiyyatı bildirir ki, bu gün dünyanın 39 ölkəsi içməli suyun böyük hissəsini ölkə xaricindəki mənbələrdən alır. Bu ölkələrə Azərbaycan, Latviya, Slovakiya, Özbəkistan, Ukrayna və s. daxildir.
Eyni zamanda Türkiyə ilə Suriya, Türkiyə ilə İraq, İraqla İran arasında su resursları üstündə mübahisələr hökm sürür. Bu mübahisələrin dinc yolla həlli imkanları getdikcə tükənir.
Sələf Xəbər: “İçdiyiniz suyu gördünüzmü? Onu buluddan siz endirirsiniz, yoxsa Biz endiririk? Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz?” (Müqəddəs Quran, “Əl-Vaqiə” surəsi, 68-70-ci ayələr).
“Uca Allah insanlara, yanğılarını söndürdükləri içməli su haqqında düşünməyi təklif edir. Əgər O (Pak və Müqəddəs), istəməsəydi, insanlar özləri heç vaxt suyu içməli edə bilməzdilər. Əgər O (Pak və Müqəddəs), istəməsəydi, buludlardan heç vaxt yararlı yağış suyu yağmazdı. Əgər O (Pak və Müqəddəs), istəməsəydi, yer üzündə böyük və kiçik çaylar axmazdı və yerin təkindən bulaqlar fəvvarə vurmazdı. Əgər Onun mərhəməti olmasaydı, onda insanların ləzzətlə qəbul etdiyi içməli su olmazdı, bütün sular duzlu, acı, faydasız olardı. Yaxşı, bəs siz niyə bu böyük lütfkarlığına görə Uca Allaha şükür etmirsiniz?» (Bax “Təfsir Əs-Saadi”).