TƏHLÜKƏ: İŞİD terror xəvaric qruplaşması Azərbaycanın şimal sərhədində
1. 600 dəfə baxılıb
Dağıstanda fəaliyyət göstərən radikal islamçı yaraqlıların lideri “əmir” Süleyman əl-Bağdadiyə biət etdi.
“Sələf Xəbər” cumhuriyyet.az-a istinadən bildirir ki, İraq və Suriyada böyük ərazilər ələ keçirib “İslam Dövləti” elan edən terror xəvaric qruplaşması Azərbaycanın şimal sərhədi yaxınlığında özünə müttəfiq tapıb.
“Bloomberg” agentliyi Dağıstanda fəaliyyət göstərən radikal islamçı yaraqlıların lideri “əmir” Süleymanın internetdə yayılmış video müraciətdə İŞİD terror xəvaric qruplaşması lideri Əbu Bəkr əl-Bağdadiyə sədaqət andı içdiyini yazır.
YouTube portalında yerləşdirilmiş videoda “əmir” Süleyman meşədə, İŞİD terror xəvaric qruplaşmasına xas tünd qara geyimdə, əlində “Kalaşnikov” avtomatı təsvir olunur. O, qara geyimli, əli silahlı beş maskalı şəxs tərəfindən əhatə olunub, başlarının üstündən sözügedən qruplaşmanın bayrağı asılıb. “Biz Auxovski mücahidləri camaatı sizə sədaqət andı içməyi qərara aldıq” – “əmir Süleyman” əl-Bağdadiyə müraciətlə bildirir.
Rus dilində, Şimali Qafqaz ləhcəsində danışan şəxs özünü “Auxovski camaatının lideri Süleyman” kimi təqdim edir. Dağıstanın terrorla mübarizə üzrə rəsmilərindən biri deyib ki, hakimiyyət həmin qruplaşma haqda məlumatlıdır və onun lideri Süleyman Zaynalabidov adlı Dağıstan sakinidir.
“Bloomberg” bu müraciəti təhlükəli hadisə kimi qiymətləndirir və bildirilir ki, Rusiyada “İslam Dövləti”nin nüfuzunun getdikcə artması bu terrorçu hərəkatda təmsil olunan xarici cihadçıların uğurları öz ölkələrində təkrar etməyə həvəsləndirə bilər.
“Hazırda Dağıstanda 300-dən çox şəxs İŞİD terror xəvaric qruplaşması sıralarında döyüşür və onlardan 10-a yaxını geri qayıtdıqdan sonra Rusiya təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatlarda öldürülüb” – deyə konsidensal informasiyanı şərh etdiyi üçün adının açıqlanmamasını xahiş edən mənbə bildirib.
Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədr müavini Frans Klintseviç “əmir” Süleymanın əl-Bağdadiyə müraciətini şərh edərkən bildirib: “Bu, hadisələrin təhlükəli inkişafıdır, olduqca ciddi problemdir. Bu fakt daha sistemli işin başladığını, yəni “İslam dövləti”nin xərçəng şişi kimi Şimali Qafqazda yayıla biləcəyini göstərir”.
Agentlik Dağıstanın Azərbaycan və Çeçenistanla sərhəd olduğunu qeyd edir. Rusiya təhlükəsizlik qüvvələri Dağıstanda müntəzəm olaraq radikal islamçı yaraqlılara qarşı anti-terror əməliyyatları keçirirlər. Şimali Qafqazda fəaliyyət göstərən “Qafqaz əmirliyi” qruplaşması indiyədək “əl-Qaidə”yə bağlı idi. Ancaq yerli rəsmi deyir ki, indi İŞİD terror xəvaric qruplaşması Dağıstanda daha populyardır.
Ehtimal olunur ki, “əmir” Süleymanın qruplaşması “Qafqaz əmirliyi”indən üz döndərib və “İslam dövləti”indən dəstək istəyir. Anti-terror ekspertləri hesab edir ki, “İslam dövləti” dağıstanlı “əmirin” sədaqət andından istifadə edərək Şimali Qafqazda güclənməyə çalışacaq.
Qeyd edək ki, bundan əvvəl “İslam dövləti”nin ideoloqları Azərbaycanı və Şimali Qafqazı da daxil etməklə “islam xilafəti”nin qara xəritəsini yaymışdılar. İŞİD terror xəvaric qruplaşması hərbi qüvvələrinin tanınmış komandirlərindən olan, Gürcüstanın Pankisi dərəsindən getmiş “Ömər əl-Şişani” ləqəbli Tarxan Batiraşvili isə atası ilə telefon danışığında “tezliklə minlərlə tərəfdarı ilə birlikdə Rusiyaya qarşı mübarizəyə başlayacaqlarını”- demişdi.
Hazırda İŞİD terror xəvaric qruplaşması təhlükəsi dünya üçün ən ciddi təhdidlərdən biri olmaqla Azərbaycanı, Orta Asiya respublikalarını, habelə Rusiyanı narahat edir.
Sələf Xəbər: Yolunu azmış radikal firqələr yanlışlıqla güman edir ki, İslamın hədəfi qeyri-müsəlmanların məhvi yolu ilə islam dövlətinin yaradılmasıdır. Lakin bu İslamın hədəfi deyildir. İslam insanlara tövhidi öyrədərək və onlara yaxşılıq etməyi əmr edərək onlara Haqqın sözünü çatdırmaq üçün gəlib.
Cihada gəlincə, bu Allaha ibadətin növlərindən biridir, və onun öz şərtləri var. Cihadın məqsədi İslamın müdafiəsi və fəsadın qarşısını almaqdır.
Şübhə yoxdur ki, terror aktları, o cümlədən intiharçıların törətdikləri partlayışlar, nəticəsində dinc insanların həlak olması özü-özlüyündə artıq fəsaddır və bunu heç cür cihad adlandırmaq olmaz.