Sələf Xəbər


İCMAL VƏ RƏY

 Son Xəbərlər

Son illər qüvvələr balansında baş verən dəyişiklik – Şərh

Noyabr 23
17:17 2017

Türkiyə, Rusiya, İran arasında üçlü formatda yeni bir əməkdaşlıq sistemi formalaşmaqdadır. Hətta burada bir alyansın elementləri də özünü göstərir. Bu əməkdaşlıq bu gün konkret olaraq Yaxın Şərq regionu ilə bağlı olsa da, gələcəkdə münasibətlərin daha da yaxınlaşmasını müşahidə edəcəyik.

Selefxeber.az-ın məlumatına görə, bu sözləri “Axar.az”a politoloq Elşad Mirbəşiroğlu regionda Rusiya, Türkiyə, İran yaxınlaşmasını labüd edən amilləri şərh edərkən deyib. O bildirib ki, bu baxımdan Soçi görüşü kifayət qədər səmərəli keçdi:

“Hazırda regionda əsas təşəbbüs Rusiyanın, İranın və Türkiyənin əlindədir. Bildiyimiz kimi, İŞİD əlində olan ərazilərin 95%-dən çoxunu itirib. Ancaq İŞİD üzvləri hələ də qalmaqdadır, onlar potensial təhlükə mənbəyi hesab olunurlar və öz fəaliyyətlərinə davam edəcəklərini də istisna etmirəm. İŞİD-i öz məqsədləri üçün istifadə edən ABŞ onun keçmiş üzvlərindən digər istiqamətlərdə də yararlanacağı ilə bağlı iddialar səsləndirilir. Hətta əvvəllər kürdlərin İŞİD-ə qarşı mübarizə apardıqları deyilsə də, artıq İŞİD üzvlərinin PYD-nin sıralarını gücləndirməsi ilə bağlı məlumatlar yayılır. Bütün hallarda məsələnin görünən tərəfi ondan ibarətdir ki, əslində terrorizmə qarşı cəbhə açan tərəf, məhz terrorizmi dəstəkləyən tərəfdir. Regionda ABŞ-ın siyasəti artıq fiaskoya uğrayıb və ABŞ-ın davranışlarının və səmimiyyətinin əsl mahiyyəti bəlli olub. Bu da regionda bütövlükdə Rusiyanın mövqeyinin möhkəmlənməsinə gətirib çıxarıb”.

Politoloq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son çıxışlarında Bəşər Əsədi kəskin şəkildə tənqid etməsinə də münasibət bildirib:

“Ərdoğan lap başlanğıcdan Bəşər Əsədin hakimiyyətdən getməsini vacib hesab edirdi. Bu günlərdə Ərdoğanın Əsədi yenidən qatil adlandırması başadüşüləndir. Bununla Ərdoğan əvvəlki mövqeyində qaldığını sübut etməyə çalışır. Çünki son dövrlərə qədər Ərdoğan öz çıxışlarında Əsəd haqqında o qədər də kəskin ifadələrə yer vermirdi. Amma hazırki həlledici məqamda Ərdoğanın Əsədi qatil adlandırması onun öz siyasi mövqeyini itirmədiyini sübut etməyə çalışması ilə bağlıdır. Amma bütövlükdə bu gün Bəşər Əsədə Rusiyanın mövqeyi nədirsə, düşünürəm ki, Türkiyə və İranın da mövqeyi elə olacaq. Çünki bu gün regionda cərəyan edən proseslərin axarını öz tərəfinə çevirmək üçün həm İran, həm Türkiyə, həm də Rusiya vahid mövqedən çıxış etməyə məcburdurlar”.

Müəllif qeyd edib ki, artıq Rusiyanın Suriyada real qələbə çaldığını deyə bilərik:

“SSRİ-nin süqutundan sonra Rusiya ilk dəfə olaraq, beynəlxalq müstəvidə özünün hərbi, siyasi qüdrətini təsdiq edə bildi. Bu baxımdan hesab edirəm ki, Rusiya İranın və Türkiyənin dəstəyini almaqla, bu qələbəsini tam möhkəmləndirmək üçün əlindən gələni edəcək. Yekun olaraq qənaətimiz odur ki, Soçi görüşündə kifayət qədər ciddi strateji qərarlar qəbul edilib”.

Qeyd edək ki, Rusiya, Türkiyə və İran liderlərinin iştirakı ilə Soçidə Suriya böhranının həlli ilə bağlı sammit baş tutub.

Digər xəbərlər