Ağciyər nəqlində yeni nailiyyət
763 dəfə baxılıb
Ağciyərləri bədəndən kənarda 24 saat ərzində işlədə biləcək yeni sistem icad edildi.
“Sələf Xəbər”in Türkiyə mətbuatına istinadən məlumatına görə, ingilis elm adamlarının hazırladığı yeni nəql sistemi sayəsində donorlardan alınan ağciyərlər 24 saat ərzində bədəndən kənarda canlı saxlanıla biləcək.
Londonun Royal Brompton & Harefield xəstəxanasında ilk dəfə istifadə olunmağa başlayacaq Orqan Qoruma Sistemi (ingiliscə “Organ Care System”, ixtisarla “OCS”) ağciyərlərin vücuddan kənarda “nəfəs alıb-verməsini” idarə edəcəkdir.
Plastik qutu içərisinə yerləşdirilmiş ağciyərlərə qan nasosla vurularaq ağciyər toxumalarının canlı şəkildə saxlanılmasını təmin edir. Həmçinin sistemə qoşulmuş tənəffüs aparatı da ağciyərlərə hava nasoslayaraq ağciyərlərin işlək vəziyyətdə olmasına köməklik göstərmiş olur.
Xəstəxananın orqan transplantasiyası üzrə baş həkimi Andre Simon OCS-nin indiyə kimi 12 əməliyyatda uğurla sınaqdan keçirildiyini də qeyd edir.
Mütəxəssislər bildirir ki, günümüzdə nəql olunan orqanları bədəndən kənarda adətən içərisi buz ilə doldurulmuş qutularda ən çoxu 6 saat saxlamaq olurdu. Yeni sistem sayəsində isə bu müddət bir günə qədər uzadıla biləcək və ağciyərlərin daha az zərər görməsi təmin olunacaqdır.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz”. (Qurani-Kərim, “Muminun” surəsi, 78-ci ayə)