Dəmir çatışmazlığı təhlükəyə yol açır
2. 936 dəfə baxılıb
“Dəmir çatışmazlığı uşaqlarda zəka geriləməsinə təsir göstərir”.
“Sələf Xəbər” Anadolu Agentliyinə istinadən məlumat verir ki, Qırıqqala Universitetinin Tibb Fakültəsinin Uşaq Hematologiya və Onkologiya elmləri doktoru Məryəm Albayrak verdiyi açıqlamada, dəmir çatışmazlığının dünyada tez-tez rastlanan sağlamlıq problemlərindən biri olduğunu deyib.
Cəmiyyəti dəmir çatışmazlığının mənfi cəhətləri barədə məlumatlandırmanın mühüm əhəmiyyət daşıdığını bildirən Albayrak, anemiya, yəni qan azlığının bir çox xəstəliyin başlanğıcı ola biləcəyi kimi, özü də insanda, xüsusən böyüməkdə olan uşaqlarda ciddi problemlərə yol açır: “Dəmir çatışmazlığı uşaqlarda zəka inkişafına təsir göstərir. Zəka, hətta dəyişə bilməyəcək qədər təsirlənir. Yəni sonradan dəmir müalicəsi verilsə belə, uşaq itirdiyi funksiyanı təkrar qazana bilmir”.
Albayrak, dəmir çatışmazlığının uşaqlarda bəzi sistem xəstəliklərinə zəmin hazırladığını və sinir sistemi ilə bağlı bəzi problemlərə də yol açdığını ifadə edərək, bunları qeyd edib: “Uşağın öyrənmə qüvvəsi azalır. Bəzi epileptik vəziyyətlərə, immunitet sistemini pozaraq infeksiyalara daha tez-tez səbəb olur. Bu səbəblə dəmir çatışmazlığının diaqnostikası böyük əhəmiyyət daşıyır. Dəmir çatışmazlığının əlaməti olaraq uşaqlarda solğunluq, halsızlıq, naxoşluq və ətrafa marağın azalması kimi hallar, əslində şübhəli gəlməyə də bilər. Bunlarla bərabər uşaqlarda qidalanma problemləri də olarsa, ailələrin həkimə müraciət etmələri doğru olacaqdır”.
Doktor, südün faydalı bir içəcək olması ilə bərabər gündə iki stəkandan çox istehlak edilməsinin xüsusilə iki yaşdan aşağı uşaqlarda dəmir çatışmazlığına zəmin yaratdığına diqqəti çəkərək, ət və yumurta kimi proteinlərin də kifayət qədər istifadəsinin lazım olduğunu vurğulayıb.
Albayrak, qan çatışmazlığının qarşısının alınması üçün Səhiyyə Nazirliyinin “Dəmir Kimi Türkiyə Layihəsi” ilə 4 aydan bir yaşa qədər uşaqlara dəmir dəstəyinin təklif edildiyini deyərək dəmirin çox olduğu qırmızı ət, yumurta, qoz, badam ,qara ciyər kimi ərzaqların köməyi ilə uşaqların qidalarını zənginləşdirmək lazım gəldiyini də bildirib.
Həmçinin uşaqlarda çay və qəhvə içməyə də məhdudiyyət qoyulmasını tələb edən doktor son olaraq belə deyib: “ Çay da, qəhvə də dəmir çatışmazlığına səbəb olan iki maddədir. Ailələrin bu məsələdə çox diqqətli olması vacibdir”.
Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) insan sağlamlığına böyük əhəmiyyət vermiş və bizə öz həyatından misal olaraq sağlam həyat tərzinin qaydalarını göstərmişdir. Hədislərə müraciət etsək görərik ki, səhhətimizi möhkəmləndirəcək, xəstəliklərimizə dərman olacaq faydalı qida və içkilər isə hətta adları və istifadə qaydası ilə birlikdə çatdırılmışdır.