Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Uşaqlarda piylənmənin qarşısını necə almaq olar?

May 19
19:04 2015

“Sələf Xəbər” theguardian.com saytına istinadən xəbər verir ki, Birləşmiş Krallıqda yaşayan uşaqlar Avropanın ən kök uşaqlarıdır və bu onları ömür boyu sağlamlıq problemləri ilə üz-üzə qoyur.

Bu problemin qarşısını almaq üçün valideynlər hələ uşaq ana bətnində ikən bir çox tədbirlər görə bilərlər. Uşaqlarda piylənmə, qlobal ictimai sağlıq problemidir. 1990-cı illərdə həyəcan təbili çalınmış bu problem son 10 ildə sabitləşib, lakin hələ də İngiltərədə 10 uşaqdan biri orta məktəbdə təhsilə başlama yaşında artıq piylənmədən əziyyət çəkir. Məktəbi bitirdikləri ərəfədə isə 5 uşaqdan biri piylənmədən və 1/3-i isə həddən artıq çəkidən əziyyət çəkir.

Birləşmiş Krallıq sürətlə ABŞ-a çatmaqdadır. Kök uşaq ömrü boyunca müxtəlif sağlıq problemləri ilə üz-üzədir və yetkin yaşda piylənmədən əziyyət çəkəcəyi ehtimalı böyükdür. 1970-92-ci illərdə həyata keçirilmiş araşdırmalar nəticəsində məlum olub ki, piylənmədən əziyyət çəkən məktəblilərin, təqribən yarısı yetkin yaşa çatdıqda da bu haldan əziyyət çəkməyə davam edib. Lakin bəzi valideynlər tədbir görməkdən imtina edərək uşaqlarının “sağlam iştahası” olduğuna sevinirlər. Bəs, nə etmək olar ? Ən yaxşı məsləhət aşağıdakı tövsiyyələri hər bir uşağa tətbiq etməkdir.

Hamiləlikdən başlayın
Qadının hamilə ikən yediyi qida bətndə körpəni əhatələyən amniotik mayedə aşkarlanır – 15 həftəlik döl dada reaksiya verir, əgər maye şirindirsə daha çox udur, “acıdırsa” az udur. Südvermə zamanı yeyilən qida da südə dad verir. Odur ki, hamilə ikən və ya süd verərkən qadın müxtəlif sağlam qidalar yeməlidir. Bundan əlavə, arıq, siqaret çəkməyən və hamilə ikən həddən artıq çəki yığmayan və normal vitamin D səviyyəsinə malik qadınların piylənmədən əziyyət çəkəcək uşaqlar dünyaya gətirmək ehtimalı daha azdır.

Südvermə dövrü
Ana südü süni qidadan daha az şirindir – həm süd və həm də uşağın qidalanma şəkli sağlam qida vərdişlərinin qazanılmasına kömək edə bilər. Süd əmmiş uşaqlar qida qəbulunu daha yaxşı nizamlayır və piylənmədən əziyyət çəkmək ehtimalları daha azdır. Baxmayaraq ki, araşdırmalar gözlənilməz meyarlarla doludur. Çünki inkişaf etmiş ölkələrdə süd verən anaların özlərinin də artıq piylənməyə düçar olma ehtimalları azdır. Lakin ailədə iki uşaqdan birinin südlə, birinin süni qida ilə qidalandırıldığı bir araşdırmanın nəticələrinə əsasən, 14 yaşa çatdıqda, süd əmmiş uşaqlar öz süni qida ilə qidalandırılmış bacı-qardaşlarından çəkidə orta hesabla 5.9 kiloqram daha yüngül olublar. Lakin istər südlə, istər süni qida ilə qidalandırılsın, uşaq doyma əlamətləri büruzə veən kimi, yedizdirməyi dayandırmaq lazımdır. Çəki yığımına nəzarət etmək, onun doyub-doymadığını bilməyin ən yaxşı yoludur.

Uşaq heç də həmişə ac olduğu üçün ağlamır
Aclığını bildirmək üçün çağalar ağlayır və körpə uşaqlar əl-qolunu çırpır, lakin onlar heç də həmişə aclıqdan ağlamırlar. Uşaqlar bir çox səbəblərdən ağlayır – yorğunluq, çirkli bez, külək, soyuq və ya isti, qucaq istəmək, darıxmaq və ya həddən artıq yorulmaq səbəbilə. Uşağın hər bir ehtiyacını ödəmək üçün onun ağzına nəsə qoymamaq yaxşı vərdişdir.

Əlavə qida olaraq şirin qidalarla başlamayın
Əgər uşağın yediyi ilk əlavə qida şirin meyvədirsə, onun, dadı nisbətən acı olan ənginarı yemə ehtimalı azalır. Lakin 4-7 aylar arası uşaqlar bütün qidaları yeməyə meylli olur. “5 aylıq körpəyə demək olar ki, hər şey yedirtmək olar” – London Universitet Kollecinin piylənmə üzrə araşdırmalara dair məruzəçisi Kler Levelin bildirib. Ümumdünya Səhiyyə Təşkilatı, 6 aya qədər körpələrə əlavə qida verilməməsini tövsiyyə edir, lakin bir çox valideynlər buna əməl etmir. Əlbəttə ki, 4 aya qədər əlavə qidaların verilməsi qətiyyən tövsiyyə olunmur və körpələri erkən süddən kəsməyin piylənmə riski ilə əlaqələndirildiyinə dair dəlillər var.

Əzmli olun
Araşdırmalar göstərir ki, uşağın yeni qidanı qəbul etməsi üçün həmin qida ona 5-10 dəfə təklif olunmalıdır. Bu mövzuda həyata keçirilmiş araşdırmanın müəlliflərindən biri, Lids Universitetinin professoru Merion Hezerinqton bildirir ki, körpələrə, xüsusilə 2 yaşa qədər uşaqlara təkrar-təkrar müxtəlif tərəvəzlər təklif etmək onların daha böyük yaşlarda tərəvəz yemə ehtimalını çoxaldır.

Uşağı süddən onun istəyi ilə kəsin
Svansi Universitetinin İnsan və Sağlamlıq Elmləri Kollecinin professoru doktor Mişel Linin sözlərinə əsasən, körpələr 6 ayından etibarən qaşıqla yedirilməkdənsə, kiçik qida parçalarını özləri yeməyə həvəsləndirilməlidirlər. “Valideynlər bildirir ki, belə olan halda uşaqlar doyduqda yeməməyə daha çox meylli olur və bu uşaqların həddən artıq yemə və gələcəkdə artıq çəkidən əziyyət çəkmə ehtimalı daha az olur”.

Xəbərdar olun
Uşağınızın çəkisi və inkişafından xəbərdar olun. Birləşmiş Krallıqda, bu göstəricilərə dair dəqiq normativlər yoxdur. Lakin Sağlamlıq və Qayğının Keyfiyyətinin artırılması Milli İnstitutunun rəhbər göstərişlərinə əsasən, “qidalanma rejimi müəyyən olunduqdan sonra, əgər valideynlər istəsələr və ya ciddi bir narahatçılıq varsa, uşaqları 6, 12 və 16 həftələrində” və daha sonar, təqribən 1 yaşında bir daha çəkmək olar. Daha sonra isə çəkinin ölçülməsi hər hansı bir narahatçılığın üzə çıxması ilə əlaqəli həyata keçirilə bilər. Uşaqların Ölçülməsi Milli proqramı, orta məktəbdə təhsilə başladıqda və təhsillərini bitirdikdə uşaqların çəkisini və boyunu ölçməklə məşğuldur. Levellin deyir: “Adətən sağlamlıq üzrə peşəkarlardan və ya məktəb heyətindən uşaqlarının həddən artıq çəkiyə sahib olduqlarını öyrənən valideynlərin əhval-ruhiyyəsi pozulur və ya onlar buna inanmır ,lakin onlar, bu məsələdə mühüm olan bir məqama – ailənin həyat tərzi və qidalanma tərzinə diqqət yetirməlidirlər”.

Yaxşı yeyin, çox hərəkət edin
Şəkərli içkilərin satışını məhdudlaşdırmaq, məktəbdə şagirdlərə verilən qidaların keyfiyyətini yaxşılaşdırmaq, qeyri-sağlam qidalara vergi təyin etmək və sağlam qidalara vəsait ayırmaq məsələlərində hökumət tərəfindən müdaxilə edilməsinə böyük ehtiyac var. Lakin valideynlər evdə baş verənlərə görə məsuliyyət daşıyır. Sağlamlıq üzrə mütəxəssislər açıq-aydın bəyan edir: 2 yaşa qədər uşaqlara televizor və digər ekranlı cihazlar qarşısında oturmaq qadağan edilməli və uşağın yediyi qidalara nəzarət edilməlidir. Uşaqlar gün ərzində ən az 3 saat aktiv olmalı, həmçinin qaçmalı, topla oynamalı və sürüşkənlərdən sürüşməlidirlər. 5 yaşdan böyük uşaqlar gün ərzində ən az bir saat velosiped sürməli və ya qaçmalı, həmçinin sürətli qaçma kimi enerji tələb edən məşqlər etməlidirlər. Həftənin 3 günü onlar şınav (çəkinmə) və ya gimnastika kimi əzələ möhkəmləndirici məşqlər etməlidirlər.

Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) insan sağlamlığına böyük əhəmiyyət vermiş və bizə öz həyatından misal olaraq sağlam həyat tərzinin qaydalarını göstərmişdir. Hədislərə müraciət etsək görərik ki, sağlamlığa ziyan verə biləcək qida və içkilərin qəbulu dinimizdə qadağan edilmiş, səhhətimizi möhkəmləndirəcək, xəstəliklərimizə dərman olacaq faydalı qida və içkilər isə hətta adları və istifadə qaydası ilə birlikdə çatdırılmışdır.

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930