11 ayda yol qəzaları ilə bağlı ürəkağrıdan statistika
763 dəfə baxılıb
11 ayda 816 nəfər həlak olub, 2069 nəfər xəsarət alıb.
Azərbaycanda 11 ay ərzində baş vermiş yol-nəqliyyat hadisələri ilə bağlı statistika açıqlanıb.
“Sələf Xəbər”in Sputnik.az-a istinadən məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, 11 ay ərzində respublikanın avtomobil yollarında 2033 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş qəzalarda 816 nəfər həlak olub, 2069 nəfər xəsarət alıb.
Bu müddət ərzində 837 qəza piyadaların vurulması nəticəsində baş verib. Nəticədə 302 piyada ölüb, 612 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ötmə qaydalarının pozulması və qarşıdan gələn avtomobilin nəqliyyat zolağına çıxması nəticəsində 753 qəza qeydə alınıb. Nəticədə 294 nəfər dünyasını dəyişib, 870 nəfər yaralanıb.
11 ayda 571 qəza sürət həddinin aşılması nəticəsində baş verib. Həmin qəzalarda 267 nəfər ölüb, 465 nəfər isə yaralanıb.
Dəmiryolu keçidlərinin keçilməsi ilə bağlı baş verən 3 qəzada bir nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Sərxoş vəziyyətdə avtomobilin idarə edilməsi nəticəsində 48 qəza baş verib. Nəticədə 24 nəfər həlak olub, 61 nəfər yaralanıb.
Qeyd olunan dövr ərzində 75 qəza avtobus sürücüləri tərəfindən törədilib. Nəticədə 28 nəfər ölüb, 87 nəfər xəsarət alıb.
Yük avtomobilləri tərəfindən baş verən 122 qəzada 68 ölüm, 110 yaralanma faktı qeydə alınıb.
Uşaqların iştirakı ilə baş verən qəzalarda 64 azyaşlı ölüb, 195 uşaq xəsarət alıb.
K. Əliyev bildirib ki, ötən ilin müvafiq dövrü ilə qəzaların sayı 396 fakt, ölənlərin sayı 207 nəfər, xəsarət alanların sayı isə 383 fakt azalıb.
Sələf Xəbər: Uca Allah buyurur: “Heç kəs sabah nə qazanacağını bilə bilməz, heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır”. (Qurani-Kərim, “Loğman” surəsi, 34-cü ayə)
“Yalnız Uca Allah bilir ki, insanı sabahkı gündə hansı maddi və mənəvi nailiyyətlər gözləyir. Təkcə Allaha məlumdur ki, insana harada ölməsi nəsib olacaqdır. Bu şeylər haqqında biliklərə Allahdan başqa heç kim sahib deyildir və bu – Allahın elminin cüzi bir hissəsidir ki, tamamilə bütün varlıqları əhatə edir. Bilən və Xəbərdarolan adları – Allahın gözəl adları arasındadır. Ona aşkarda və qeybdə olanlar da, gizlində və açıqda olanlar da məlumdur”. (Bax: “Təfsir Əs-Saadi”)