Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Erməni təxribatı nəticəsində iki hərbçimiz şəhid olub

Mart 28
17:45 2016

Erməni silahlı bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat cəhdinin qarşısı alınıb.

“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, son günlər işğal olunmuş ərazilərdə xeyli sayda itkilərə məruz qalan erməni tərəfi uğursuzluqlarının əvəzini çıxmağa can ataraq Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi təxribatların sayını artırıb: “Əməliyyat şəraitində üstünlüyü itirən düşmən dövlət sərhədində gərginliyi artırmaqla bəzi beynəlxalq qurumları, o cümlədən Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilata daxil olan dövlətləri də münaqişədə iştiraka sövq etməyə çalışır.

Martın 27-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qazax rayonu ərazisində dövlət sərhədini pozaraq ərazimizə soxulmağa cəhd göstərib. Bu istiqamətdə yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin hərəkəti qabaqcadan aşkar edilib və qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirilib. İtkilərə məruz qalan işğalçılar geri çəkilməyə məcbur edilib”.

Məlumatda bildirilir ki, düşmənlə baş verən döyüş toqquşmasında Silahlı Qüvvələrimizin zabiti leytenant Zülfüqarlı Qalib Laim oğlu və əsgər Hacıyev Qəfərəli İntiqam oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə hər iki hərbi qulluqçu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

Müdafiə Nazirliyi bildirir ki, həmin istiqamətdə əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır. Azərbaycan tərəfi bütün beynəlxalq təşkilatları növbəti dəfə ermənilərin təxribatlarını qınayaraq baş verənlərə müvafiq qiymət verməyə çağırır.

Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) ölənin qohumlarına aşağıdakı sözlərlə başsağlığı verərdi: “Həqiqətən də, Allah nə götürürsə, Onundur. Nə verirsə o da Onundur. Onun dərgahında hər şeyin bir əcəli vardır. İndi isə səbr et və Allahdan savab um!” (Buxari)

Allah rəhmət eləsin. Amin!

Digər xəbərlər