2557 dərman vasitəsinin qiyməti təsdiqləndi
708 dəfə baxılıb
İyunun 30-da Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda daha 2557 dərman vasitəsinin qiyməti təsdiqlənib.
Selefxeber.az-ın Trendə istinadən məlumatına görə ümumilikdə, indiyədək Şura tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla 9632 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq olunub. Bu, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin 99%-ni təşkil edir.
Bunlardan 7300 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır, digər 2332 dərman vasitəsinin yeni qiymətləri isə bu ilin sentyabr ayının 1-dən qüvvəyə minəcək.
2016-cı il 1 sentyabr tarixindən etibarən qiymətləri təsdiq edilməyən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin satışı yalnız həmin dərmanların qiymətləri təsdiq olunduqdan sonra həyata keçirilə bilər.
Həyata keçirilən siyasətə uyğun olaraq, qiymətləri yeni tənzimlənmiş 2557 dərman vasitəsinin də qiymətləri əhəmiyyətli dərəcədə aşağı salınıb. Belə ki, 29%-nin qiyməti mövcud qiymətlərlə müqayisədə 2 dəfədən çox, 11%-nin qiyməti 3 dəfədən çox, ümumilikdə 90%-nin qiymətləri endirilib.
Tarif (qiymət) Şurasının iclasında, həmçinin, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Samur-Abşeron kanalı istismar idarəsinin “Azərsu” ASC-yə verdiyi suyun topdansatış tarifinin qüvvədə olma müddəti 2016-ci il 1 oktyabr tarixinədək müəyyən edilib.
Qərarlar və dərman vasitələrinin siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Şuranın qərarları” və “Dərman vasitələri” bölmələrində də yerləşdirilib.