Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

96 yaşlı qürur mənbəyimiz

İyun 26
15:36 2014

Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

Trend-in məlumatına görə, 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC) cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük işlər görmüşdür. Bu işlərdən biri də ordu quruculuğu sahəsində görülən tədbirlərdir. Ordu quruculuğu məsələsi çox çətin və mürəkkəb bir prosesdir.

AXC yarananda Azərbaycanda Milli Ordu deyilən bir şey yox idi. Ordusuz dövlət yaşaya bilməz. O vaxt isə vəziyyət olduqca gərgin idi. Gənc Azərbaycan Xalq Cümhuriyyətini parçalamaq, onun ərazisini öz torpaqlarına qatmaq üçün qonşu dövlətlər açıqdan-açığa öz məkrli niyyətlərini həyata keçirirdilər.

Milli dövlətin meydana gəldiyi ilk gündən Ermənistan öz ərazisini Azərbaycan ərazisi hesabına genişləndirmək üçün silahlı cəhdlər
göstərməyə başladı.

AXC hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə – əlahiddə korpus yaradıldı. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət – orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.

Azərbaycan Milli Ordusu Ermənistan ordusunun təcavüzkar hücumlarının qarşısını dəfələrlə uğurla ala bilib.

1991-ci il oktyabrın 9-da Milli Ordunun yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi.

Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.

Qeyd edək ki, 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi, 2013-cü ildə isə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyi münasibətilə hərbi parad keçirilib.

Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyev (Allah onun əli ilə düşmənləri zəlil eləsin) hərbi paradlarda çıxış edib.

 Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın…” (Müqəddəs Quran, “Ənfal” surəsi, 60-cı ayə).

“(Düşmənlərə) qarşı”, yəni sizi həlak etməyə və dininizi məhv etməyə çalışan düşmənlərinizə qarşı, “bacardığınız qədər qüvvə hazırlayın”, yəni müharibədə istifadə oluna biləcək hər bir şey: intellektual və fiziki güc, müxtəlif növ silahlar və döyüşdə tətbiq edilən digər şeyləri hazırlayın. Buraya həmçinin müxtəlif növ silahlar, müdafiə vasitələri, raketlər, təyyarələr, yerüstü və dəniz nəqliyyat vasitələri istehsal edən sənaye, eləcə də, qalaların, səngərlərin inşası, müsəlmanları gücləndirən və düşmənlərinin şərini dəf etməyə kömək edən məntiq və siyasət daxildir. Güclü olmaq, atəş açma qaydalarını və inzibati fəaliyyəti öyrənmək də həmçinin bunlara daxildir, elə buna görə, Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Bilin ki, güc – atəş açmaq bacarığıdır”.

Bu hökmə həm də döyüş əməliyyatları üçün zəruri olan hərbi texnikanın hazırlanması aiddir. Bu barədə Uca Allah buyurur: “…Və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız.” O vaxt onların düşməni qorxutduqları səbəb bu (döyüş atları) idi. Hökm həmişə səbəb ilə bağlıdır, buna görə, əgər düşməni ən çox qorxudacaq və ən böyük ziyan yetirəcək zirehli texnika və təyyarələr kimi bir səbəb mövcuddursa, elə bunları hazırlamaq və inkişaf etdirmək lazımdır.” (Bax “Təfsir Əs-Saadi”).

Biz də “Sələf Xəbər” redaksiyası olaraq Uca Allahdan istəyirik ki, dövlətimizə bu şərəfli və vacib ordu quruculuğu işində kömək olsun, bütün əsgər və zabitlərimizi qorusun!

Digər xəbərlər