Abort qadağan olunsunmu? – MÜZAKİRƏ
1. 406 dəfə baxılıb
“Sələf Xəbər” Milli.az-a istinadən bildirir ki, Rusiyanın Samara şəhərindən Dövlət Dumasına seçilən deputatlar, ölkədəki demoqrafik problemləri qanunvericilikdə dəyişikliklərlə həll etməyin mümkün olduğunu hesab edir.
Bu gün Rusiya dünyada əhalinin sıxlığına görə 181-ci yerdə dayanır. Deputatların fikrincə, vəziyyəti dəyişmək mütləqdir.
Deputat Dmitriy Sevirkin, Rusiya ərazisində 1918-ci ildən bu yana edilmiş abortların sayını birinci və ikinci dünya müharibələrindəki itkilər qədər qiymətləndirir. Onun fikrincə, yalnız zorlanmadan sonra hamilə qalan qadınlara abort etmək hüququnu vermək olar.
Bütün bunlarla yanaşı, abort çox güclü hormonal və emosional stressdir. Hər qadın bu vəziyyətə fərqli dözümlülük nümayiş etdirir. Hər şey fərdidir. Abort zamanı qadın infeksion xəstəliklərə yoluxa, hətta sonsuz da qala bilər.
Azərbaycanda isə son statistikalar göstərir ki, ailələr qız uşaqlarını istəmədikləri üçün aborta üstünlük verirlər. Abortun həm demoqrafik, həm də mənəviyyat baxımından düzgün olmadığını düşünənlər buna hər zaman qarşı çıxırlar. Ancaq şərait bəzən insanları hələ dünyaya gəlməmiş övladlarından imtina etməyə vadar edir. Ölkəmizdə abort hallarının yayılmasında mental düşüncənin də günahı var. Qadın bir neçə dəfə qız uşağı dünyaya gətirdikdən sonra ilk növbədə elə qohumları tərəfindən qınaq obyektinə çevrilir. Həyat yoldaşının valideynlərinin işlətdiyi “nəslimiz qurudu” – kimi ifadələr qadını aborta təhrik edir.
Bu müzakirələr haqlı olaraq belə bir sual yaradır: Azərbaycanda da abortların qadağan olunması vacibdirmi?
Sələf Xəbər: Abort – qətldən başqa bir şey deyildir, bu da ən böyük günahlardan biridir. Müasir insanın həyat tərzi ona böyük ailə saxlamaqda müəyyən çətinliklər yaradır, əksər qadınların abort etməsinin başlıca səbəbi də elə budur. Abort İslamın mənəvi etikasına ziddir və insanın Uca Allaha imanının zəifliyindən xəbər verir, halbuki, Allah yoxsulluq qorxusu ilə abort etməyi qadağan edib: “Yoxsulluq qorxusundan uşaqlarınızı öldürməyin. Axı onların da, sizin də ruzinizi Biz veririk. Onları öldürmək, həqiqətən də, böyük günahdır.” (Müqəddəs Quran, “İsra” surəsi, 31-ci ayə).
Buna görə, büdcəsini düşünərək abort edənlər, ilk növbədə, Allahın bu vədinin doğruluğuna şübhə edir. Lakin, qeyd etmək lazımdır ki, Allahın bizə göndərdiyi mükəmməl dinimizdə insanın rastlaşa biləcəyi bütün hallar xırdalıqları ilə nəzərə alıb. Qadının tibbi göstərişlərə və ya başqa üzrlü səbəblərə görə abort etməsi icazəlidir.
Uşaqları cinsiyyətinə görə “seçərək” hamiləliyi süni şəkildə dayandırmaq da abortların əsas səbəblərindən biridir. Halbuki, Uca Allah buyurur: “Göylərdə və yerdə səltənət Allahındır. O, istədiyini yaradır; kimə qız uşaqları, kimə də oğlan uşaqları bəxş edir. Yaxud hər ikisindən – oğlan və qız uşaqları verir, istədiyini də sonsuz edir. Həqiqətən, O, Biləndir, Qadirdir.” (Qurani Kərim, “Şura” surəsi, 49-50-ci ayələr).
Quranın və səhih Sünnənin mətnlərini öyrənib, Səudiyyə Ərəbistan Krallığının daimi komitəsinin alimləri fətva veriblər: “Hamiləlikdə əsas odur ki, başqa şəriət səbəbi yoxdursa, qadının hamiləliyin istənilən mərhələsində abort etməsi qadağandır. Əgər döl laxta mərhələsindədirsə, bu qırx və daha az olan müddətdir, və abortda şəriət cəhətdən xeyir və ya ziyanın qarşısını almaq niyyəti varsa, onda bu mərhələdə abort etmək icazəlidir. Buna səbəb uşağı tərbiyə etməkdə çətinliklər qorxusu, və ya uşağı saxlamaq üçün maddi imkanın olmamağı, və ya uşaqların müəyyən sayı ilə məhdudlaşmaq və s. qeyri-şəriət səbəbləri olmamalıdır. Qırx günü keçmiş hamiləliyin müddətinə gəlincə isə, abort etmək qadağandır, çünki qırx gündən sonra o bədənə çevriləcək və insanın yaranmasının ilk mərhələsində olacaq. Etibarlı həkimlərdən ibarət komitənin qərarına görə, hamiləliyin davam etməsinin ananın həyatı üçün təhlükə olması və onun ölməsi ilə nəticələnə bilməsi ehtimalı olduğu hallar istisna olmaqla, bu dövrdə abort etmək olmaz.” (Bax “Fətava əl-Ləcnə” 21/450).