ABŞ mətbuatında Ermənistanın işğalçılıq siyasətindən yazılıb
755 dəfə baxılıb
Kaliforniyanın Fresno şəhərində nəşr olunan “Fresno Bee” qəzetinin 29 dekabr sayında Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin məktubu dərc olunub. Fresno şəhəri ABŞ-da erməni icmasının ən çox yaşadığı şəhərlərdəndir.
“Sələf Xəbər”-in Trend-ə istinadən məlumatına görə, məktub, sözügedən qəzetdə qondarma “dqr”-ə dair dərc olunmuş məqaləyə cavab olaraq yazılıb.
Məktubda qeyd edilib ki, qondarma “dqr” Azərbaycan torpaqlarının Ermənistan tərəfindən qanunsuz hərbi işğalı və bu ərazilərdə aparılmış etnik təmizləmə nəticəsində yaradılmış qeyri-qanuni rejimdir. Bildirilb ki, qondarma “dqr” ABŞ və ya hər hansı digər dövlət tərəfindən tanınmayıb.
1991-94-cü illərdə Azərbaycan ərazilərinin beşdə birinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini və səkkiz yüz mindən çox azərbaycanlının bu torpaqlardan zorla didərgin salındığını bildirən baş konsul, müqayisə üçün, işğal olunmuş torpaqların ərazisinin sözügedən qəzetin dərc olunduğu böyük Fresno Vilayətinin ərazisinə bərabər olduğunu qeyd edib.
N.Ağayev, həmçinin, BMT Təhlükəsizlik Şurasının bu işğalı sərt şəkildə pislədiyini və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal çıxardılmasını tələb etdiyini vurğulayıb.
Azərbaycanın Ermənistan ilə sülh istədiyini bildirən baş konsul N.Ağayev, eyni zamanda, sülhün yalnız Ermənistanın öz qoşunlarını Azərbaycan torpaqlarından çıxardacağı, qanunsuz işğala son verəcəyi və didərgin salınmış azərbaycanlıların öz torpaqlarına qayıtması nəticəsində mümkün ola biləcəyini qeyd edib.
Sələf Xəbər: Uca Allah buyurur: “Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!” (Qurani-Kərim“əl-Mumtəhənə” surəsi, 8-ci ayə)