Ağır cinayətlər törədən radikal dəstə zərərsizləşdirilib
1. 053 dəfə baxılıb
Azərbaycan ərazisində bir sıra ağır və xüsusilə ağır cinayətlər törətməkdə şübhəli bilinən daha bir təhlükəli mütəşəkkil cinayətkar dəstə ifşa edilib.
“Sələf Xəbər”in Trend-ə istinadən xəbərinə görə, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən daxil olan birgə məlumatda qeyd olunur ki, ötən il noyabrın 24-də Qəbələ şəhər sakini Vahid Vahabovun yaşadığı evdə odlu silahla qətlə yetirlmiş meyiti tapılıb və faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Polis və prokurorluq orqanlarının təcrübəli əməkdaşlarından ibarət qrup hadisə yerinə çıxıb və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri və müvafiq ekspertizalar həyata keçirilib.
Araşdırmalarla müəyyən edilib ki, Vahid Vahabovun qonşusu Coşqun Kərimbəyli onun imkanlı şəxs olduğu barədə yaxın dostları, radikal ekstremist yönümlü dini təriqət üzvləri olan əvvəllər məhkum edilmiş Nurəddin Xəlilova, Müşfıq Mikayılova, Rəşad Həşimliyə və Əhməd Kərimova məlumat verib. Onlar Vahid Vahabovun yaşadığı evə basqın edərək külli miqdarda pul və qızıl-zinət əşyaları ələ keçirmək barədə qabaqcadan razılığa gəliblər.
Qeyd olunan tarixdə dəstə üzvləri oğurladıqları avtomobillə Qəbələ şəhərinə gedib, təxminən saat 04:00 radələrində üzlərinə maska taxaraq quldurcasına Vahid Vahabovun yaşadığı mənzilə soxulub, odlu silahla onu öldürüb, həyat yoldaşına müxtəlif dərəcəli xəsarətlər yetiriblər.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin üzvləri Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Zaur Əliyev və Pərviz Şıxəliyev həbs olunublar. Saxlanılarkən onlardan və axtarış zamanı yaşadıqları mənzillərdən 4 qumbara, “Vincester” markalı tüfəng, “Revolver” tipli tapança, 40-dan çox müxtəlif çaplı patron, 25 qr heroin, qanunla yayılması qadağan edilmiş 21 ədəd dini ədəbiyyat, 1 internet modemi, 1 balta, 1 çapaçaq, maska kimi istifadə olunan 1 idman papağı, kustar üsulla hazırlanmış dəmir borular, tapança və soyuq silah qismində istifadəsi nəzərdə tutulmuş digər əşyalar götürülüb.
Saxlanılan şəxslərin ətrafında həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində dəstə üzvlərinin ötən il martın 18-də və iyulun 18-də Bakı şəhər sakinləri – Gündüz Cəfərovun və Məcnun Dünyamalıyevin evlərinə quldurluq yolu ilə basqın edərək ümumilikdə 6400 manat pul, xeyli miqdarda qızıl-zinət və və məişət əşyaları aparmaları, avqustun 18-də Xəyal Əhmədova və Hilal Bicanova bıçaqla ağır xəsarət yetirmələri, cari il yanvarın 31-də və fevralın 14-də Sumqayıt şəhər sakinləri Bayram Əliyevə və Tahir Cəbrayılzadəyə məxsus məxsus “VAZ-2106” markalı avtomobilləri qaçırmaları, fevralın 16-da isə Ağdaş şəhərində yaşayan Niyazi Əzizovun mənzilindən qızıl, geyim və məişət əşyaları, habelə, 1 ov tüfəngi oğurlamaları müəyyən edilib.
Araşdırmalar zamanı dəstə üzvlərinin şəxsiyyətlərini təsdiqləyən rəsmi sənədləri bilərəkdən məhv etmələri də məlum olub.
Mütəşəkkil dəstənin digər üzvlərinin tapılıb tutulmaları istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Sələf Xəbər: Uca Allah buyurur: “…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür”. (Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə)