Allahşükür Paşazadə: İslam sülhsevər dindir
846 dəfə baxılıb
“Qloballaşan dünyada dini qarşıdurmalar, münaqişələr artır və dəfələrlə bununla bağlı danışmağımıza, konfranslar keçirməyimizə baxmayaraq, hələ də bir nəticəsi yoxdur. Amma ümid edirik ki, nəticə əldə edəcəyik, çünki Allah İslamı göndərəndə mənəviyyat, sülh üzərində göndərib”.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Bakıda işini yekunlaşdıran “İslam maarifçiliyi və müasir dövr” adlı beynəlxalq konfransda deyib.
Şeyxülislam bildirib ki, əsas problem İslamda elmi prinsipləri çoxaltmaqdır: “İndi islamı, müsəlmanları vurub-dağıtmaqda günahlandırırlar. Demək lazımdır ki, İslamın əlindəki çomağı al, əvəzinə qələm ver, vurmasın, yazsın. Sən əgər onun əlinə çomaq versən, əlbəttə ki, vuracaq. Ona görə də elm və dinin birgə mövzu olduğu müzakirələri, konfransları daha tez-tez keçirmək, ora hamını cəlb etmək lazımdır. Bizim din adamları buna çoxdan hazırdır, amma elm adamları təəssüf ki, hələ ki tam hazır deyillər”.
A. Paşazadə Azərbaycanda dövlət tərəfindən belə birgə müzakirələrə geniş şərait yaradıldığını söyləyib: “Azərbaycan Prezidenti İlham Əliyevə buna görə təşəkkür edirik”.
Sələf Xəbər: Həqiqətən, dinimiz mötədil dindir. Uca Rəbbimiz Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) yer üzündə qan tökmək üçün göndərməmişdir. Əksinə, İslamı azacıq anlayan insan bu dinin mərhəmət və şəfqət dini olduğunu açıq-aşkar dərk edər. Bu haqda Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) həyatından kifayət qədər nümunə göstərmək olar. Uca Rəbbimiz də onu bəşəriyyətə mərhəmət olaraq göndərdiyini bildirmişdir. “Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik”. (Qurani-Kərim, “əl-Ənbiya” surəsi, 107-ci ayə)
Bununla yanaşı, dinimiz bizə, təcavüz edən düşmənə qarşı döyüşməyi də əmr etmişdir. Elə dinimizin mötədilliyi də buradadır.
Dinimizin gözəl bir qaydası vardır: “Döyüş məqsəd deyil, döyüş məqsədləri məhv etmək istəyən təhlükəni dəf etmək üçündür”.
Vətənimizin bütövlüyü təhlükə altında olarsa, döyüş də üzərimizə vacib olar.