Almaniyanın Qarabağ məsələsində bizə qarşı mövqeyi
868 dəfə baxılıb
Almaniyanın ictimai yayım şurasının orqanı olan “Alman dalğası” radiostansiyası Dağlıq Qarabağ məsələsində Azərbaycana qarşı açıq-aşkar düşmənçilik mövqeyi nümayiş etdirib.
“Sələf Xəbər” Avropa.infoya istinadən bildirir ki, insan haqları və mətbuat azadlıqları kimi problemləri bəhanə edərək davamlı olaraq Azərbaycana qarşı gözdənsalma kampaniyası aparan Almaniyanın siyasi dairələrinin mövqeyi növbəti dəfə özünü bu radiostansiyanın işğal altındakı ərazilərimizdən hazırladığı reportajda göstərib. Çünki söhbət sıradan alman KİV-lərindən birindən deyil, məhz “Alman dalğası”ından gedir və bu radiostansiyanın mövqeyini rəsmi Berlinin mövqeyi hesab etməkdə yanılmırlar.
Radiostansiyanın əməkdaşı Kristianna Trippe Ermənistan üzərindən Azərbaycanın işğal altındakı ərazilərinə daxil olaraq separatçıları mədh edib, habelə azərbaycanlıları “hamilə qadınları və uşaqları qətlə yetirən qəddar cinayətkarlar” obrazında təsvir edib.
Reportajda Azərbaycan ərazilərinin işğalında iştirak etmiş erməni zabit V.Arzumanyandan sitat verilir: “Biz ancaq öz ölkəmizi, kilsəmizi, qəbirlərimizi, torpaqlarımızı və ailəmizi müdafiə edirik. Biz döyüşmək, müharibə istəmirik”. V.Arzumanyanın 40 yaşlı qardaşı Anuşavan isə bu yaxınlarda könüllü kimi “Qarabağ ordusuna” yazılıb və hazırda ön xəttdə xidmət edir. Deyir ki, veteran qardaşından nümunə götürmək və “ölkəsinin müdafiəsinə” öz töhfəsini vermək istəyir.
Alman jurnalist erməni işğalçı ordusunun ön xətdəki mövqeyinə baş çəkib. Erməni serjantlardan biri ona deyib ki, gecələr Azərbaycan snayperləri çox fəal işləyir, istənilən hərəkətə reaksiya verir. Atışmalar tez-tez olur.
Təmas xətti yaxınlığındakı kənddə hazırda ermənilər məskunlaşıb. Alman jurnalist Boris adlı sakinin sözlərindən sitat gətirir: “Burada bizim qanımız axıb. Bu torpaqlar uğrunda həlak olmuşuq. Azərbaycanlıları heç vaxt bağışlaya bilmərik. Onlar müharibə vaxtı bizim hamilə qadınlarımızı və uşaqlarımızı öldürüblər”.
Daha sonra “Alman dalğası”nın əməkdaşı Xankəndinə baş çəkib, orada qondarma “DQR” rejiminin “nazirləri” ilə söhbətləşib. Onların münaqişəyə dair tamamilə təhrif olunmuş fikirlərinə gen-bol yer verib. Xankəndində “DQR bayrağının qürurla dalğalandığını” yazıb.
Trippe habelə Xocalı aerportunun yerində inşa edilmiş yeni aeroportdan bəhs edib, Azərbaycan tərəfinin ora enən və ya qalxan istənilən təyyarəni vuracağına dair hədələrindən sonra aerportun isttifadəsiz qaldığını xatırladıb. Dağlıq Qarabağa hərbi və mülki yüklərin Ermənistanla yeganə quru əlaqəsini təmin edən Laçın dəhlizi ilə daşındığını bildirib.
Qeyd edək ki, Almaniya ATƏT-in Minsk Qrupunun üzvüdür. Rəsmi Berlin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və buna hörmətlə yanaşdığını bildirir. Bəs o zaman rəsmi Berlinin nəzarətindən kənarda olmayan “Alman dalğası” radiostansiyasının əli ilə Azərbaycana qarşı bu cür qərəzli hücumun məqsədi nədir? Görünür Azərbaycan XİN bu məsələyə dair rəsmi Berlindən izahat tələb etməli və üstəlik “Alman dalğası”nın əməkdaşının adını qara siyahıya daxil etməli, hüquq-mühafizə orqanları isə onun barəsində cinayət işi qaldırmalıdır.
Bir halda ki, Almaniyanın özündə hökumətin online medianı izləmək üçün gizli proqramının mövcudluğu barədə yazan jurnalistlərə dövlətə xəyanət ittihamı ilə cinayət işi qaldırılır, o zaman Azərbaycan nədən onun ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirib azərbaycanlıları təhqir edən fikirlərə yer vermiş alman jurnalistinin barəsində hüquqi prosedurlar başlatmasın?!
Sələf Xəbər: Uca Allah buyurur: “De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də, batil puçluğa məhkumdur!” (Qurani-Kərim, “İsra” surəsi, 81-ci ayə)
“Haqq – Allahın Məhəmməd peyğəmbərə (Allahın ona salavat və salamı olsun) nazil etdiyi vəhylərdir ki, onları açıq təbliğ etməyi buyurmuşdu. Əleyhinə çıxılması mümkün olmayan Haqq ona bəyan edilmişdi və buna görə də yalan itib, yox olmuşdu. Başqa cür ola da bilməzdi, çünki yalan məhvə və yoxluğa məhkumdur. Şübhəsiz ki, bəzən yalan qüvvətlənərək yayılır. Lakin bu, Haqq ona qarşı çıxmadığı zaman baş verir. Haqq gələn kimi, yalan sakitləşib kiriyir və hətta cınqırını belə çıxara bilmir”. (Bax: “Təfsir Əs-Saadi”)