ANS-in fəaliyyəti dayandırıldı – Rəhbərlər dindirildi
895 dəfə baxılıb
Bazar ertəsi yayımı dayandırılan ANS özəl televiziya kanalının prezidenti Vahid Mustafayev və vitse-prezident Mirşahin Ağayevin izahatı alınaraq sərbəst buraxılıb, APA xəbər agentliyi bildirir.
Onların izahatı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində alınıb.
Bazar ertəsi axşam saatlarında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə televiziyanın server və texniki otaqları möhürlənib. Telekanalın əməkdaşları televiziya binasına buraxılmır. Binada polis postu qoyulub.
Məlumatı rəsmi olaraq təsdiqləmək mümkün olmayıb. ANS şirkətlər qrupu hadisəyə münasibət bildirmir və şirkətlə əlaqə saxlamaq mümkün olmayıb.
“Terrorizmi təbliğ etməkdə” ittiham olunan televiziyanın bazar ertəsi axşam saatlarından başlayaraq yayımı “müvəqqəti olaraq” dayandırılıb və hazırda (yerli vaxtla 11:00) da fəaliyyətin dayandırılması davam edir. Televiziya kanalı ilə yanaşı quruma məxsus olan xəbər portalı da ötən gündən etibarən fəaliyyətini dayandırıb.
ANS özəl televiziya kanalının fəaliyyətinin dayandırılması haqda qərarı Milli Televiziya və Radio Şurası (MTRŞ) baş Prokurorluğun müraciətini nəzərə alaraq verib, Azertag dövlət xəbər agentliyi yazır.
Hadisə, televiziya kanalı hazırda ABŞ-da yaşayan Fethullah Gülendən aldığı müsahibəni efirə verməsi ilə bağlı anons yaymasından sonra baş verib.
Müraciətə əsasən, Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin “pozulmasına yönəlmiş təxribatın” qarşısını almaq, açıq şəkildə “terrorizmin” təbliğatına yol verməmək məqsədilə ANS telekanalının yayımının müvəqqəti dayandırılması barədə Şura tərəfindən qərar qəbul edilib.
Türkiyə rəsmiləri iyul ayının 15-i baş verən çevrilişə cəhddə ABŞ-da məskunlaşan Fethullah Güleni və hakimiyyəti devirmək üçün onun yaratdığı “paralel quruluşu”günahlandırıb.
Şuranın yaydığı məlumatda deyilir ki, ANS Müstəqil Yayım və Media Şirkəti Azərbaycan və Türkiyə xalqları arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinə “zidd mövqe” tutub, Türkiyə dövlətinin və hakimiyyətinin “əleyhinə təbliğat aparıb, bu ölkədə terrorçu təşkilat kimi tanınan, çoxsaylı insan ölümünə səbəb olmuş qanlı hadisələri təşkil edən Fətullah Gülənə və onun tərəfdarlarına dəstək verib”.
“Hadisə baş verən andan ANS telekanalı ayrı-ayrı reportajlarında, müsahibələrdə Azərbaycan ictimaiyyətinə Türkiyədə baş verən hadisələrin “hakimiyyət tərəfindən təşkil edilən şou” olduğunu təlqin etməyə, Türkiyə hakimiyyətinin həyata keçirdiyi tədbirləri gözdən salmağa çalışıb. ANS-in ABŞ-dakı əməkdaşı Türkiyədə hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fətulla Güləndən müsahibə alıb, bu müsahibə yerli və xarici KİV-lər vasitəsilə anons edilib”, məlumatda deyilir.
Məlumatda o da bildirilir ki, ANS özəl televiziya kanalı “dəfələrlə” xəbərdarlıq edilməsinə baxmayaraq, “terrorizmin təbliği istiqamətində fəaliyyətini” davam etdirib və Türkiyədə “vətəndaş qarşıdurmasının dərinləşməsinə yönələn addımlar atıb”.
Şuranın yaydığı məlumatda deyilir ki, bununla bağlı Türkiyənin hakimiyyət orqanları, bu ölkənin səfirliyi Azərbaycanın dövlət qurumlarına müraciət edərək məsələ ilə bağlı dərin narahatlıqlarını bildirib və müvafiq tədbir görülməsini xahiş edib.
“ANS telekanalının qanunazidd fəaliyyəti ilə bağlı məhkəməyə müvafiq müraciət olunacaq və son qərar məhkəmə tərəfindən veriləcək”, MTRŞ-nın yaydığı məlumatda deyilir.
“Bu hadisəyə yəqin müxtəlif bucaqdan baxış olacaqdır. Amma fakt göz önündədir. Fətullah Gülənin məsələsi, onunla bağlı hazırlanan müsahibənin mövcud olması. Birmənalı qaydada vurğulayıram ki, bunun söz və mətbuat azadlığı ilə heç bir əlaqəsi yoxdur”, MTRŞ sədri Əflatun Amaşov bazar ertəsi dövlət televiziya kanalı olan AZTV-də yayımlanan “Günün nəbzi” verilişinə müsahibəsində deyib.
ANS özəl televizya kanalının yayımı ikinci dəfədir dayandırılır. İlk dəfə televiziya kanalının yayımı 2006-cı ilin noyabr ayında 19 günlük dayandırılmışdı.