Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Astarada 100-dən çox evi sel basıb – VİDEO

Noyabr 10
16:11 2015

Astara şəhərində 100-dən yuxarı yaşayış evi sel sularının altında qalıb.

“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, Astara Rayon İcra Hakimiyyəti (RİH) başçısının Astara şəhəri üzrə nümayəndəsi Şahverən Cavadovun cənub bürosuna verdiyi məlumata görə, bu, son 4 gün ərzində bölgəyə düşən intensiv yağışlar səbəbindən baş verib. Ən gərgin vəziyyət isə şəhərin Heydər Əliyev prospekti, Azərbaycan, Səməd Vurğun, Ziya Bünyadov və Həzi Aslanov küçələri ərazilərində yaranıb. Belə ki, həyətləri, evlərin zirzəmilərini, küçələri su basdığından sakinlər öz isti ocaqlarını tərk etmək məcburiyyətində qalıblar. Artıq 20-yə yaxın ailə su basma ilə əlaqədar qohumlarının yanına köçürülüb.

Təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə Astara RİH-də fövqəladə qərargah yaradılıb. İki gündür ki, müvafiq qurumlar gərgin iş rejiminə keçirilib. Təbii fəlakətin nəticələrinin qaldırılması tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları da cəlb olunublar. Ağır texnikanın və işçi qüvvəsinin köməyi ilə kanallar dərinləşdirilir.

Ş.Cavadovun sözlərinə görə, suötrücü kanalların mühafizə zolağında 10-15 il əvvəl fərdi yaşayış evlərinin tikilməsi səbəbindən həmin ərazilərdə su ötürücü kanalların qarşısı alınıb. Bununla belə, həyətlərdən və küçələrdən sel sularının qısa müddətdə çıxarılması üçün bütün lazımi tədbirlər görülməkdədir.

Qeyd edək ki, cənub bölgəsində yağmurlu hava şəraiti davam edir.

🎬

Sələf Xəbər: Uca Allah buyurur: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 155-157-ci ayələr)

“Uca Allah bildirir ki, Onun qulları mütləq sınaqlara məruz qalacaqlar və bunun sayəsində doğruçu insanlar yalançılardan, səbirsizlər isə səbirlilərdən fərqlənəcəklər. Uca Allah qulları ilə həmişə belə davranır, çünki möminlər uzun müddət imtahana çəkilmədikdə, onlara yalançılar qoşulmağa başlayır ki, bu da xoşagəlməz nəticələrə aparır. Bax buna görə Allahın müdrikliyi tələb edir ki, iman sahibləri yaramazlardan ayrılsınlar və sınaqların böyük faydası da elə bundadır. Sınaqlar möminlərin imanına xələl gətirmir və əsil müsəlmanları onların dinindən döndərmir və bununla Allah möminlərin imanının yox olmasına heç vaxt imkan vermir.
Məhz səbirli möminlər bu şərafətli müjdəyə və böyük ehtirama layiq görülmüşlər. Onlar mənəvi və ya fiziki əzab mənbəyi olan xoşagəlməz işlərə və təsadüfi hallara məruz qaldıqda, deyirlər: “Biz – Allahın qullarıyıq və Onun iradəsindən asılıyıq. Biz öz həyatımız və öz var-dövlətimiz üzərində hakimiyyətə malik deyilik və Allah bizi sağlamlıqdan və ya malımızın bir hissəsindən məhrum edərsə, bilmək lazımdır ki, Mərhəmətli Rəbbimiz Öz qulları və Öz mülkü üzərində istədiyi kimi sərəncam vermək haqqına malikdir. Biz buna qarşı ola bilmərik. Bundan başqa, Allahın əsil qulu bilməlidir ki, bütün müsibətlər Müdrik Hökmdarın iradəsi ilə baş verir. O, insanlara onların özlərindən daha çox şəfqətli və Rəhmlidir. Buna görə biz taleyimizlə razılaşmalı və Allaha, Onun təyin etdiyi, hətta insan başa düşmədiyi halda, ona fayda gətirən qədərinə görə, həmd etməliyik. Allahın qulları olaraq biz mütləq Qiyamət günü öz Rəbbimizə dönəcəyik və onda hər bir insan öz əməllərinin əvəzini alacaq. Əgər biz Allahın mükafatına ümid bəsləyərək səbirlilik göstərsək, onun əvəzini tam alarıq. Yox, əgər biz qəzəblənsək və taleyimizdən şikayət etsək, onda bu mükafatdan məhrum olarıq və bizə öz hiddətimizdən başqa heç nə qalmaz. Bizim, Allaha məxsus olan və hökmən Ona qayıdacaq, qulların vəziyyəti bizdən dözümlü və səbirli olmağı tələb edir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər