Azərbaycan son 12 ildə 1000-ə yaxın artilleriya sistemi alıb – SİYAHI
2. 698 dəfə baxılıb
APA-nın BMT Adi Silahlar Registrinə və ayrı-ayrı istehsalçı şirkətlərin məlumatlarına əsasən apardığı araşdırmaya görə, Azərbaycan son 12 ildə xarici ölkələrdən 1000-ə yaxın yeni raket-artilleriya sistemi satın alıb.
İnventarını yeni artilleriya sistemləri ilə gücləndirən Azərbaycan Silahlı Qüvvələri postsovet məkanında özünün imkanlarına görə ilk yerlərdə dayanır.
Azərbaycanın sahib olduğu raket-artilleriya sistemlərinin ən uzaq mənzili 150 km-dən çoxdur. Yaxın perspektivdə bu sıraya daha uzaq mənzilə malik raket sistemlərinin də daxil edilməsi gözlənilir.
Ötən dövrdə Azərbaycan Silahlı Qüvvələrinin artilleriya sistemləri ilə bağlı sifarişlərində əsas yeri Rusiya tutub. Azərbaycan bu ölkəyə 500-dən artıq müxtəlif çaplı artilleriya sistemləri sifariş verib və bunların bir qismi (BMT Adi Silahlar Registrində yer alan məlumata görə 454 ədəd) artıq Bakıya çatdırılıb.
Azərbaycan Rusiyaya sifariş verdiyi və aldığı artilleriya sistemləri arasında 120 mm çaplı 2S12 «Sani» minaatanları, 18 ədəd «Msta-S» özüyeriyən haubitsası, 18 ədəd TOS-1A «Solntsepyok» ağır odatanı, 18 ədəd 2S31 «Vena» özüyeriyən haubitsası, 26 ədəd 2S9 «Nona-S» özüyeriyən artilleriyası, 18 ədəd 9A52 «Smerç» reaktiv yaylım atəş sistemi yer alıb.
İkinci yerdə dayanan Ukraynadan isə hesabat dövründə 294 ədəd müxtəlif artilleriya sistemi əldə olunub. BMT Adi Silahlar Registrində yer alan məlumata görə, 2002-2013-cü illərdə Bakı Ukraynadan 12 ədəd 9 «Smerç» reaktiv yaylım atəş sistemi, 85 ədəd PM-38 minaatanı, 72 ədəd MT-12 topu, 54 ədəd 2S1 «Qvozdika», 16 ədəd 2S3 «Akatsiya» özüyeriyən haubitsalar alıb.
Azərbaycan 3 kompleks «Toçka-U» taktik raketləri də əldə edib.
Azərbaycanın Belarusdan aldığı 132 ədəd artilleriya sisteminin 12-si 203 mm çaplı 2S7 «Pion» özüyeriyən top, qalan 120-si isə D-30 topdur.
Bundan başqa, Bolqarıstandan 36 ədəd M-46 topu, Bosniya və Herseqovinadan 10 ədəd RAK-12 reaktiv yaylım atəş sistemi alınıb.
Hesabat dövründə İsraildən açıqlanmayan sayda LAR-160, “Lynx Qrad”, “Lynx EXTRA”, Türkiyədən isə T-107, T-122 “Sakarya” və T-300 “Kasırğa” raket sistemləri alınmaqla artilleriya qoşunlarının imkanları genişləndirilib.
Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın…” (Müqəddəs Quran, “Ənfal” surəsi, 60-cı ayə).
“(Düşmənlərə) qarşı”, yəni sizi həlak etməyə və dininizi məhv etməyə çalışan düşmənlərinizə qarşı,“bacardığınız qədər qüvvə hazırlayın”, yəni müharibədə istifadə oluna biləcək hər bir şey: intellektual və fiziki güc, müxtəlif növ silahlar və döyüşdə tətbiq edilən digər şeyləri hazırlayın. Buraya həmçinin müxtəlif növ silahlar, müdafiə vasitələri, raketlər, təyyarələr, yerüstü və dəniz nəqliyyat vasitələri istehsal edən sənaye, eləcə də, qalaların, səngərlərin inşası, müsəlmanları gücləndirən və düşmənlərinin şərini dəf etməyə kömək edən məntiq və siyasət daxildir. Güclü olmaq, atəş açma qaydalarını və inzibati fəaliyyəti öyrənmək də həmçinin bunlara daxildir, elə buna görə, Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Bilin ki, güc – atəş açmaq bacarığıdır”.
Bu hökmə həm də döyüş əməliyyatları üçün zəruri olan hərbi texnikanın hazırlanması aiddir. Bu barədə Uca Allah buyurur: “…Və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız.” O vaxt onların düşməni qorxutduqları səbəb bu (döyüş atları) idi. Hökm həmişə səbəb ilə bağlıdır, buna görə, əgər düşməni ən çox qorxudacaq və ən böyük ziyan yetirəcək zirehli texnika və təyyarələr kimi bir səbəb mövcuddursa, elə bunları hazırlamaq və inkişaf etdirmək lazımdır.” (Bax “Təfsir Əs-Saadi”).Biz də “Sələf Xəbər” redaksiyası olaraq Uca Allahdan istəyirik ki, dövlətimizə bu şərəfli və vacib ordu quruculuğu işində kömək olsun, bütün əsgər və zabitlərimizi qorusun!