Azərbaycan cəbhə xəttində irimiqyaslı təlimlər keçirir- FOTO
1. 028 dəfə baxılıb
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Hafta.az-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin (Allah onun rəhbərlik dövrünü xeyirlə uzatsın) rəhbərliyi ilə keçirilən birgə əməliyyat-taktiki təlimlərin davamı olaraq iyulun 7-dən Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrinin cəbhə bölgəsində irimiqyaslı təlimləri keçirilir.
Təlimlərin yeni mərhələsində birlik, birləşmə və hərbi hissələrin döyüş hazırlığı, qoşunların yürüş qabiliyyəti, döyüş tətbiqi imkanları, həmçinin şəraitə və qabaqcadan hazırlanmamış əraziyə uyğun olaraq döyüş elementlərinin qarşılıqlı əlaqələndirilməsi məsələlərinin öyrənilməsi və praktiki istifadəsi yerinə yetirilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun bilavasitə rəhbərliyi ilə keçirilən təlimlərə 10.000 nəfərdən artıq şəxsi heyət, 300-dən çox zirehli texnika, raket-artilleriya qoşunlarının 100-dən çox qurğusu, 20-dək aviasiya və 15-dən çox hava hücumundan müdafiə sistemləri cəlb olunub.
Təlimlərdə zirehli texnikalardan, artilleriya qurğularından, zenit-raket komplekslərindən, müxtəlif çaplı silahlardan, təyyarə və helikopterlərdən praktiki döyüş atışları icra edilir.
Müdafiə Nazirliyinin sifarişinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələri tərəfindən 3000 nəfərdən artıq ehtiyatda olan hərbi vəzifəli təlimlərə çağırılıb, onların hərbi uçot məsələləri ilə bağlı tədbirlər təşkil edilib, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırış dövrü üçün planlar dəqiqləşdirilib, yaradılması nəzərdə tutulan yeni hərbi hissələrin şəxsi heyətlə komplektləşdirilməsi və çatışmayan heyətlə tam komplektləşdirilməsi qarşılıqlı şəkildə və yüksək səviyyədə həyata keçirilib.
Eyni zamanda, təlimlərə ehtiyatdan cəlb edilmiş hərbi vəzifəlilərlə döyüş hazırlığı, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının səviyyəsinin yüksəldilməsi, silah və hərbi texnikadan istifadə qaydaları mövzusunda təlim-məşqlər keçirilir.
Sələf Xəbər: Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın…” (Müqəddəs Quran, “Ənfal” surəsi, 60-cı ayə).
“(Düşmənlərə) qarşı”, yəni sizi həlak etməyə və dininizi məhv etməyə çalışan düşmənlərinizə qarşı, “bacardığınız qədər qüvvə hazırlayın”, yəni müharibədə istifadə oluna biləcək hər bir şey: intellektual və fiziki güc, müxtəlif növ silahlar və döyüşdə tətbiq edilən digər şeyləri hazırlayın.
Buraya həmçinin müxtəlif növ silahlar, müdafiə vasitələri, raketlər, təyyarələr, yerüstü və dəniz nəqliyyat vasitələri istehsal edən sənaye, eləcə də, qalaların, səngərlərin inşası, müsəlmanları gücləndirən və düşmənlərinin şərini dəf etməyə kömək edən məntiq və siyasət daxildir. Güclü olmaq, atəş açma qaydalarını və inzibati fəaliyyəti öyrənmək də həmçinin bunlara daxildir, elə buna görə, Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Bilin ki, güc – atəş açmaq bacarığıdır”. Bu hökmə həm də döyüş əməliyyatları üçün zəruri olan hərbi texnikanın hazırlanması aiddir.
Bu barədə Uca Allah buyurur: “…Və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız.” O vaxt onların düşməni qorxutduqları səbəb bu (döyüş atları) idi. Hökm həmişə səbəb ilə bağlıdır, buna görə, əgər düşməni ən çox qorxudacaq və ən böyük ziyan yetirəcək zirehli texnika və təyyarələr kimi bir səbəb mövcuddursa, elə bunları hazırlamaq və inkişaf etdirmək lazımdır.” (Bax “Təfsir Əs-Saadi”).
Biz də “Sələf Xəbər” redaksiyası olaraq Uca Allahdan istəyirik ki, dövlətimizə bu şərəfli və vacib ordu quruculuğu işində kömək olsun, bütün əsgər və zabitlərimizi qorusun!