Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycan dövlətinin Putin və Ollandın İrəvana getməsinə etirazı

Aprel 23
18:22 2015

“Bununla da ermənilərin cəzasız qalacaqlarına olan inamları daha da artır”.

“Əgər ATƏT-in Minsk Qrupu həmsədri olan ölkələr sabit mövqe nümayiş etdirə bilmirlərsə, bu zaman vasitəçilik missiyasından imtina etməlidirlər”.

“Sələf Xəbər” AzVision.az-a istinadən bildirir ki, bunu açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

Vitse-spiker Minsk Qrupunda həmsədr olan Fransa və Rusiya prezidentlərinin Ermənistanda keçiriləcək qondarma “soyqırım” tədbirlərinə getməsinə münasibət bildirib. B.Muradova Rusiya və Fransanın bu addımını qınayıb:

“ATƏT-in Minsk Qrupuna üzv olan ölkələrin bəzi nümayəndələrinin qondarma “erməni soyqrımı”nın növbəti ildönümündə iştirak etmələri onlara qarşı olan münasibəti dəyişdirəcək. Bu addım neçə illərdir ki, Minsk Qrupundan sülhlə bağlı bir fəaliyyət gözləyən Azərbaycan tərəfinin onlara qarşı olan inamına mənfi təsir göstərəcək. Tərəflər arasında missiyaçılıq fəaliyyəti həyata keçirən istər fərd, istərsə də hər hansı bir beynəlxalq təşkilat üzərilərinə düşən bütün öhdəlikləri ya tam həyata keçirməlidirlər, ya da vasitəçilikdən imtina etməlidirlər. Onlar bu missiyaya xələl vura biləcək addımlardan çəkinməlidirlər. Vasitəçilik missiyası ölkələrdən və onların nümayəndələrindən birtərəflik, qərəzsiz mövqe, beynəlxalq hüququn prinsiplərinə istinad tələb edir”.

B.Muradovanın fikrincə, vasitəçilik missiyasını yerinə yetirən ölkələr Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdırlar.

“Uzun illərdir ki, biz bu münaqişədən əziyyət çəkirik. Azərbaycan həm iqtisadi, siyasi, həm də hərbi cəhətdən güclənməlidir. Əks təqdirdə kimlərinsə dəyişən əhval-ruhiyyəsi və mövqeləri nəticəsində nəyisə gözləmək lazım deyil. Artıq Azərbaycan bilir ki, təkcə güclənmək kifayət etmir. Həmçinin o gücdən istifadə edərək beynəlxalq aləmdə öz sözünü deməyə cəhd etmək lazımdır”.

Vitse-spiker, həmçinin qeyd edib ki, Azərbaycan tərəfi öz qətiyyətli mövqeyindən heç vaxt dönməyəcək: “Həmsədr ölkə rəhbərliyinin ermənilərin qondarma “soyqırımı” günü İrəvana səfər etmələri Azərbaycan tərəfində narahatlıq yaradırsa, bunun əksinə olaraq Ermənistan tərəfində isə öz mövqelərinin dəstəkləndiyinə inam yaradacaq. Bununla da ermənilərin cəzasız qalacaqlarına olan inamları daha da artır. Biz münasibətlərin tamamilə yekunlaşmasına rəvac verə biləcək addımlar da ata bilmərik. “Biz küsdük, üzümüzü çevirdik” hərəkətlərini etməməliyik. Bundan heç nə əldə etməyəcəyik. Biz öz mövqelərimizin doğruluğunu ardıcıl olaraq onların diqqətinə çatdırmalıyıq”.

Qeyd edək ki, Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyası həyata keçirən Fransa və Rusiya prezidentləri aprelin 24-də Ermənistanda keçiriləcək “soyqırım” tədbirinə qatılacaq.

Sələf Xəbər: Uca Allahdan xalqımıza səbir verməsini və bizim hamımıza Tək Ona olan ibadətimizi asanlaşdırmasını diləyirik. Uca Allahın buyurduğu kimi: “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!” (Qurani-Kərim, “əl-İnşirah” sürəsi, 5-ci ayə)

Digər xəbərlər