Azərbaycan Əfqanıstan Ordusuna iki milyon avro ayırıb
793 dəfə baxılıb
Azərbaycan qoşunlar, çoxtəyinatlı tranzit imkanları, təlim və maliyyə yardımı ilə nəzərəçarpacaq dərəcədə Qətiyyətli dəstək missiyasına töhfə verir.
“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu NATO-nun Əfqanıstanda “Qətiyyətli dəstək” missiyasına töhfə verən dövlətlərin Xarici İşlər nazirlərinin iclasında çıxış edən Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.
O, qeyd edib ki, 2012-ci ildə Azərbaycan artıq Əfqanıstan Milli Ordusunun etimad fonduna bir milyon avro dəyərində töhfə verib və 2017-ci ilin sonuna qədər bu etimad fonduna əlavə iki milyon avro töhfə verəcək: “Amma əvvəlki illərin təcrübəsi göstərir ki, yalnız hərbi yardım Əfqanıstanda davamlı sülhün bərqərar olması üçün kifayət deyil. Ona görə də Azərbaycanın Əfqanıstanın sabitliyinə töhfəsi NATO əməliyyatlarına cəlb olunmaqdan daha genişdir. Təhsil, təlim, infrastrukturun inkişafı, sərmayələr və maliyyə yardımı sahəsində praktiki töhfələri artıraraq, Əfqanıstanın özünə güvənini dəstəkləyirik”.
E.Məmmədyarov bildirib ki, Azərbaycanda ADA Universiteti NATO təlim kurslarına əlavə olaraq Əfqanıstandan olan rəsmilər üçün illik idarəçilik təlimləri keçirir, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik minalar üzrə maarifləndirici layihələr icra edir, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Əfqanıstan vətəndaşlarının dörd illik təhsil almalarını təmin edəcək memorandum imzalanma ərəfəsindədir və tərəfimizdən Əfqanıstanda məktəb tikintisi həyata keçirilir: “Bütün xərclər Azərbaycan tərəfindən ödənilir. Biz, həmçinin Əfqanıstan hökumətinə müfəssəl islahatlar gündəliyinin reallaşmasında kömək etməliyik”.
Nazir deyib ki, bu gündəliyin ən mühüm tərkib hissəsi nəqliyyat infrastrukturudur: “Biz mümkün ən qısa yol vasitəsilə Əfqanıstan və Avropanı birləşdirməliyik. Xəzər dənizinin Azərbaycan hissəsindəki yeni Ələt dəniz limanı və Türkiyə, Gürcüstan və Azərbaycanı birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolu bu baxımdan, eləcə də tarixi İpək Yolunun bərpası baxımından çox önəmlidir. Əfqanıstanın gələcəyi böyük ölçüdə qonşu dövlətlərdən asılıdır və biz bunun uğurlu alınması prosesinə birlikdə yardımçı olmalıyıq”.
Sələf Xəbər: Uca Allah buyurur: “Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 215-ci ayə)