Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycan əhalisinin sayı açıqlanıb

Aprel 17
17:37 2017

Bu ilin əvvəlindən ölkə əhalisinin sayı 13 686 nəfər və yaxud 0,1% artaraq 2017-ci il mart ayının 1-i vəziyyətinə 9 823 667 nəfərə çatıb.

Selefxeber.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 113 nəfər olub. Əhalinin ümumi sayının 53,0%-i şəhər, 47,0%-i isə kənd sakinlərinin, 49,9%-i kişilərin, 50,1%-i isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə orta hesabla 1006 qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-fevral ayları ərzində ölkədə 24648, yaxud hər gün orta hesabla 418 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 15,7 təşkil edib. Körpələrdən 424-ü əkiz, 12-si üçəm doğulanlardır. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,3% təşkil edərək hazırda hər 100 doğulan qıza 112 oğlan düşür (bioloji norma 105-107 təşkil edir). Hazırda ölkədə əhalinin təkrar istehsalı təmin olunaraq uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 2,0 uşaq düşür.

2017-ci ilin yanvar-fevral aylarında ölkədə 11070 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,1 təşkil edib.

Bu ilin ilk iki ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8476 nikah və 2422 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,5 olub. Bu ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 306 nəfər gələn və 198 nəfər ölkədən gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 108 nəfər təşkil edib.

Digər xəbərlər