Azərbaycan əsgərləri vətənə dönəcəklər
796 dəfə baxılıb
Azərbaycanın Əfqanıstandakı sülhməramlı qüvvələri yaxın vaxtlarda bu ölkəni tərk edə bilər.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, ABŞ və digər hegemon ölkələrin hərbi kontingentini Əfqanıstandan çıxarması məsələni gündəmə gətirib. Yaxın günlərdə 94 nəfərlik əsgər və zabit heyəti missiyasını bitirərək vətənə dönə bilər.
Bununla bağlı Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc da yaxın vaxtlarda veriləcək qərarı mümkün sayır. Millət vəkili açıqlamasında məsələyə yaxın vaxtlarda baxılacağını deyib: “Azərbaycanın Əfqanıstandakı sülhməramlı qüvvələri orada əsasən enerji sisteminin qorunmasına cavabdehlik daşıyır. Onlar birbaşa əməliyyatlarda iştirak etməsələr də, həyati riskləri hər zaman qalır. Yəqin ki, bu səbəbdən sülhməramlı qüvvələrin Əfqanıstandan çıxarılıb-çıxarılmaması məsələsinə yaxın vaxtlarda aydınlıq gətiriləcək. Hər bir halda Azərbaycan rəhbərliyi Əfqanıstanın təhlükəsizliyinə həm maddi cəhətdən, həm də hava məkanı ilə yardım göstərir. Ümumilikdə bütün məsələlər dövlətlərarası danışıqlardan sonra müəyyənləşəcək. Ona görə də bu barədə dəqiq fikir söyləmək çətindir. Hesab edirəm ki, Türkiyə hələ də Əfqanıstanda müəyyən bir missiyanı ifadə edir. Eyni zamanda, 8 mindən artıq qüvvə Əfqanıstanda hələ də yerli qüvvələrə təlimlər keçir, eləcə də fəaliyyətin koordinasiyası və digər işlərə baxır”.
Qeyd edək ki, Azərbaycan 2002-ci ilin noyabr ayından Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) ilə əməkdaşlıq edir. Buna görə də İSAF-in tərkibində həyata keçirilən əməliyyatlarda Azərbaycan Silahlı Qüvvələrinin hərbi kontingenti də xidmət edir.
Sələf Xəbər: Təhlükəsizlik insan üçün yemək-içməkdən də böyük zərurətdir. Məhz buna görə, İbrahim Peyğəmbər (ona salam olsun) Uca Allahdan özü üçün əvvəlcə təhlükəsizlik, daha sonra ruzi istəmişdir: “Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – (hər növ) məhsullardan ruzi ver!” (Qurani-Kərim, “Bəqərə” surəsi, 126-cı ayə)