Azərbaycan gəncləri təhlükədədir – Fazil Mustafa
1. 503 dəfə baxılıb
Düşünülmüş və planlaşdırılmış şəkildə məktəblərin yaxınlığında çay evləri açılır, uşaqlar dərslərdən yayındırılaraq orada sulu qəlyan, siqaret və pivə içmək alışqanlığı yaradırlar. Bunu ermənilər yox, elə öz azərbaycanlılarımız edir, üstəlik, təkcə pul qazanmaq üçün yox. Həqiqətən də çox acınacaqlı bir vəziyyətdir.
Selefxeber.az saytı xəbər verir ki, millət vəkili Fazil Mustafa özünün “feysbuk” səhifəsində son günlərin ən aktual problemi olan azyaşlıların çay evlərinə meyilliyinin artması nəticəsində ortaya çıxan neqativ hallara toxunub.
O qeyd edib ki, bu işlər azyaşlıların pis vərdişlərə alışdırılması üçün cinayətkar şəbəkənin himayəsi ilə gerçəkləşdirilir:
“Avropa Birliyi qəlyanın ağciyər xərçənginin yaranmasında rolunu əsas gətirərək onu yasaqlamaq istəyir. Azərbaycanda isə əksinə, buna göz yumulur, üstəlik, məqsədli şəkildə məktəblərin yaxınlığında bu işi genişləndirirlər ki, daha çox gənc bu pis vərdişə yoluxsun. Bu gün narkomaniyaya qarşı çox böyük mübarizə aparan, maarifçilik fəaliyyətini usanmadan davam etdirən dəyərli həkim dostumuz Asif Kəngərli ilə orta məktəblərdə, ali təhsil ocaqlarında bu bəlanın necə məqsədyönlü şəkildə yayılması ilə bağlı faktları dəhşətlə gözdən keçirmişik. Hər şey birinci siqaretdən başlayır və buna bütün orta məktəblərdə münbit şərait var. İdmana, salamlığa stimullaşdırma olmayan yerdə əsas alternativ məhz siqaret, narkotik və başqa bəd əməllər olur”.
Millət vəkili eyni zamanda, doğum evlərinə gizli şəkildə müraciət edən məktəbli qızların sayının artmasını, dəri-zöhrəvi xəstəliyinə yoluxan yetkinlik yaşına çatmayan oğlanların durumu ilə bağlı məlumatların çox acınacaqlı olduğunu bildirib:
“Bəzi güvəndiyim həkim tanışlarımdan aldığım bilgilər daha vahiməlidir. Bu pis alışqanlıqların yayıldığı mühitdə səsimizi birlikdə qaldırmasaq, bir azdan kimsənin bu pisliklərdən sığortalanmadığının əyani şahidi olacağıq. Öz həyatımızda olmasa da, çevrəmizin mühitində bununla hökmən qarşılaşacağıq. Azərbaycan gənclərinə, övladlarımıza bu təxribatın qarşısının alınması üçün hüquq-mühafizə orqanları, təhsil strukturları, müvafiq dövlət qurumları təcili təbirlər görməlidir”.
Sələf Xəbər: Uca Allah buyurur: “Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 110-cu ayə).
“Allah bildirir ki, İslam milləti öz keyfiyyəti və xüsusiyyətlərinə görə bütün digər millətlərdən üstündür. Müsəlmanlar ən səmimi və xeyirxah insanlardır. Onlar yaxşılıq etməyi sevir, ətrafdakıları buna dəvət edir, onlara həqiqəti öyrədir, bəyənilən işlər görməyi məsləhət görür və onları qınanılan əməllərdən çəkindirirlər. Onlar nəinki insanlara kamilliyə nail olmağa kömək edir, öz imkanları daxilində onlara fayda verməyə səy göstərirlər, hətta özləri də, Allaha iman gətirərək və bu dinin vacib tələblərini yerinə yetirərək, kamilləşməyə nail olmağa çalışırlar.” (Bax “Təfsir Əs-Saadi”).
Uca Allah buyurur: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!” (Müqəddəs Quran, “Maidə” surəsi, 2-ci ayə)