Azərbaycan həqiqətləri Səudiyyə Ərəbistanının mediasında
1. 463 dəfə baxılıb
Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Rasim Rzayev bu ölkənin “Əl-Həyat” qəzetində Ərəb dilində geniş müsahibə ilə çıxış edib.
“Azərbaycan səfiri: Səudiyyə Ərəbistanı müstəqilliyimizi tanımış ilk dövlətlərdən biridir” sərlövhəsi ilə dərc olunan müsahibədə 1918-ci ildə müsəlman Şərqində qurulmuş ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən və Cümhuriyyət rəhbərlərinin xidmətlərindən, XX əsrin sonlarında dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycanın əldə etdiyi uğurlardan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi inkişafından, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində aparılan iqtisadi islahatlardan danışılıb.
“Sələf Xəbər” AZƏRTAC-a istinadən məlumat verir ki, səfir 24 il öncə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin qurulması, ikitərəfli əlaqələrin siyasi, mədəni, humanitar, iqtisadi və digər sahələrdə intensiv şəkildə inkişafı, əldə olunmuş uğurlar və neft-qaz sahəsində imzalanmış sazişlər, eləcə də səfirliyimizin bu illər ərzində göstərdiyi fəaliyyətdən bəhs edib. O, həmçinin ərəbdilli oxuculara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ətraflı məlumat verərək qeyd edib ki, beynəlxalq təşkilatlar çərçivəsində Səudiyyə Ərəbistanı rəhbərliyi tərəfindən Azərbaycanın haqlı mövqeyi daim dəstəklənir, münaqişə ilə bağlı bu ölkə və İslam Əməkdaşlıq Təşkilatı prinsipial mövqe nümayiş etdirir. Oxucuların diqqətinə çatdırılır ki, ölkəmizin ərazisinin 20 faizi hələ də təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanılır, bir milyondan artıq soydaşımız doğma yurd-yuvasından didərgin salınıb.
Sələf Xəbər: Uca Allah buyurur: “Möminlər, həqiqətən də qardaşdırlar”. (Qurani-Kərim, “Hucurat” surəsi, 10-cu ayə)
Uca Allahdan bütün dünyadakı müsəlmanların vəziyyətini yaxşılaşdırmasını diləyirik. Amin!