Azərbaycan ilə İordaniya gənclərinin əməkdaşlığı müzakirə edilib
859 dəfə baxılıb
Azərbaycanın İordaniyadakı səfirliyinin üçüncü katibi Rövşən Cəfərovun bu ölkənin Gənclərlə İş üzrə Ali Şurasının direktoru Əhməd Navaf Raci ilə görüşündə gənclər sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
“Sələf Xəbər” Azertag.az-a istinadən xəbər verir ki, Oktyabr ayında Bakıda keçirilən Gənclər Siyasəti üzrə I Qlobal Forumda iştirak etdiyini xatırladan Əhməd Navaf Raci Azərbaycan rəhbərliyinin, xüsusilə Prezident İlham Əliyevin ölkədə gənclər siyasətinə xüsusi önəm verməsinin şahidi olduğunu söyləyib.
O deyib ki, Azərbaycan Prezidenti milli maraqlara və xalqın istəyinə əsaslanan bütün istiqamətlərdə ölkənin dərin düşünülmüş və müdrik idarəetməsini həyata keçirir. Aydın görünür ki, Azərbaycanın iqtisadi inkişafı istiqamətində böyük səylər göstərilir, sərmayələrin cəlb edilməsi üçün ölkədə əlverişli investisiya mühiti yaradılıb.
Ə.N.Raci Gənclər Siyasəti üzrə I Qlobal Forum çərçivəsində Azərbaycan və İordaniya gənclər təşkilatlarının gələcək əməkdaşlığının təməlinin qoyulduğunu bildirib. Rövşən Cəfərov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həmişə gənclərin himayədarı olduğunu və onlara böyük etimad göstərdiyini deyib.
O, Prezident İlham Əliyevin gənclər siyasətini əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsində gördüyünü bildirib. R.Cəfərov deyib: “Həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır.
Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır”. Ölkələrimiz arasındakı əlaqələrin tarixindən danışan R.Cəfərov dövlət başçılarının şəxsi dostluğunun münasibətlərin möhkəmlənməsində mühüm rol oynadığını diqqətə çatdırıb. İkitərəfli siyasi əlaqələrin yüksək səviyyədə olmasının ölkələrimiz arasında gənclər siyasəti sahəsində də öz əksini tapdığı vurğulanıb.
Diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumat verib. O, işğal altında olan Azərbaycan torpaqlarında yüzlərlə elm, mədəniyyət və incəsənət ocağının ermənilər tərəfindən darmadağın edildiyini, münaqişə nəticəsində minlərlə Azərbaycan gəncinin, yeniyetmələrin, körpə uşaqların, qadınların, qocaların həlak olduğunu diqqətə çatdırıb.
“Vəhdət – rəhmətin mayasıdır, təfriqə isə əzabın səbəbidir”. (“Səhih əl-Cəmi”).
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)