Azərbaycan milli mətbuatının yaranmasından 140 il keçir
831 dəfə baxılıb
Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin nəşrinə başlamasından 140 il ötür.
Bu gün Azərbaycanda milli mətbuatın yaranması günüdür. 140 il öncə, 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.
“Sələf Xəbər” Report.az-a istinadən xatırladır ki, “Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu, cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi.
Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirdi. Bu mətbuat orqanlarının əsas hədəfi cəhalətə, haqsızlığa qarşı mübarizə, maarifləndirmə idi. Zəngin və şərəfli yolla addımlayan Azərbaycan mətbuatı bir neçə mərhələdən keçdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyuldu. Növbəti mərhələ isə Azərbaycan Xalq Cümhuriyyətinin bolşeviklər tərəfindən işğalından sonrakı dövrü əhatə edir. 140 yaşlı mətbuatın 70 ili bu kommunist dikaturası dövrü ilə bağlıdır. Həmin dövrdə Azərbaycan mətbuatı mövcud problemləri daha çox sətiraltı mənada yazırdı. Çünki mətbuat SSRİ-nin yürütdüyü siyasətin, ideologiyanın ruporu idi. Həmin dövrdə fərqli düşünmək, yazmaq yasaqlanmışdı.
1980-ci illərin II yarısından başlayaraq Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu mərhələ həm də Azərbaycan dövlətçiliyi, demokratik dövlət quruculuğu dövrüdür. Bu yeni inkişaf dövrünün təməlini qoyan ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk fərmanı da Heydər Əliyev imzalayıb.
Ümumilikdə, ulu öndər mətbuatın problemlərinin həlli ilə bağlı 10-dan çox sərəncam və fərman imzalayıb. 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən qanun qəbul edilib. Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub.
Ölkədə söz və mətbuat azadlığına, KİV-lərə ən yüksək səviyyədə diqqət və qayğı var. Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında KİV-lərin inkişafına dövlət dəstəyi Konsepsiyasının” təsdiq edilməsi, bir il sonra, 3 aprel 2009-cu il tarixində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədilə atılan mühüm addımlar idi.
Prezident İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” sərəncamı isə jurnalistlərə yeni əhval-ruhiyyə gətirib, böyük rəğbətlə qarşılanıb. Mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu ildə Prezidentin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsaitin ayrılması mətbuat tarixində mühüm hadisə kimi dəyərləndirilib.
Qeyd edək ki, bu il iyulun 20-də Azərbaycan Prezidenti İlham Əliyevin KİV nümayəndələri ilə bağlı imzaladığı 4 sərəncam ümumilikdə 180 jurnalisti əhatə edib. Sərəncamla 1 nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 4 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 91 nəfər “Tərəqqi” medalı ilə təltif olunub.
Bundan başqa, 44 nəfər “Əməkdar jurnalist”, 17 nəfər “Əməkdar mədəniyyət işçisi” fəxri adlarına layiq görülüb.
2 nəfər Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü, 21 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Sələf Xəbər: Uca Allah buyurur: “Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı (sahibinin əməlləri) barəsində sorğu-sual olunacaqdır”. (Qurani-Kərim, “İsra” surəsi, 36-cı ayə)
“Dəqiq elmlə təsdiqlənməyənə əsaslanma, yalnız əmin olduqlarını danış və et. Düşünmə ki, etdiyin əməllər unudulacaq. Və düşünmə ki, sən onlardan nə fayda, nə da ziyan görməyəcəksən. Əksinə, qulaq, gözlər və ürək sorğu-sual olunacaqlar. Və əgər Allahın qulu öz sözlərinə və əməllərinə görə cavab verməli olacağını və Allaha ibadət üçün yaradılmış bədənindən necə istifadə etdiyi barədə hesab verəcəyini bilirsə, o mütləq bu sorğu-suala hazırlaşacaq. Bunun üçün o özünü Allaha ibadətə həsr etməli, yalnız Ona səmimi qəlbdən ibadət etməli və Onun sevmədiyi hər şeydən çəkinməlidir”. (Təfsir əs-Səədi)