Azərbaycan ordusu təlim keçirdi – FOTO
965 dəfə baxılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin (Allah onu qorusun) təsdiq etdiyi plana əsasən sentyabrın 13-dən başlayan irimiqyaslı təlimlərin bu gün növbəti mərhələsi keçirilib.
Təlimlərdə iştirak edən bütün qoşun növlərinin döyüş hazırlığının səviyyəsi, tapşırıqların daha operativ və səmərəli yerinə yetirilməsi, qarşılıqlı fəaliyyətin və təminatın təşkili, qarşıya qoyulan tapşırıqların icrası yoxlanılıb.
Təlim mərkəzləri və poliqonlarda motoatıcı və tank bölmələrinin, raket və artilleriya qurğularının, zenit-raket komplekslərinin, döyüş təyyarə və helikopterlərinin döyüş atışları icra olunub, praktiki raket buraxılışları və bombalama həyata keçirilib.
Təlim nöqtələri, texniki təminat, təmir-bərpa, səyyar ideoloji məntəqələrinə və mobil səhra hospitalına baş çəkən Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimdə fərqlənən hərbi qulluqçuları mükafatlandırıb.
Müdafiə naziri təlimə cəlb olunan hərbi texnika və silahlara baxış keçirib.
Sonda təlim poliqonunda döyüş texnikasının keçidi və aviasiyanın uçuşları həyata keçirilib. Təlimlər sentyabrın 20-dək davam edəcək.
Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın…” (Müqəddəs Quran, “Ənfal” surəsi, 60-cı ayə).
“(Düşmənlərə) qarşı”, yəni sizi həlak etməyə və dininizi məhv etməyə çalışan düşmənlərinizə qarşı,“bacardığınız qədər qüvvə hazırlayın”, yəni müharibədə istifadə oluna biləcək hər bir şey: intellektual və fiziki güc, müxtəlif növ silahlar və döyüşdə tətbiq edilən digər şeyləri hazırlayın.
Buraya həmçinin müxtəlif növ silahlar, müdafiə vasitələri, raketlər, təyyarələr, yerüstü və dəniz nəqliyyat vasitələri istehsal edən sənaye, eləcə də, qalaların, səngərlərin inşası, müsəlmanları gücləndirən və düşmənlərinin şərini dəf etməyə kömək edən məntiq və siyasət daxildir. Güclü olmaq, atəş açma qaydalarını və inzibati fəaliyyəti öyrənmək də həmçinin bunlara daxildir, elə buna görə, Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Bilin ki, güc – atəş açmaq bacarığıdır”.
Bu hökmə həm də döyüş əməliyyatları üçün zəruri olan hərbi texnikanın hazırlanması aiddir. Bu barədə Uca Allah buyurur: “…Və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız.” O vaxt onların düşməni qorxutduqları səbəb bu (döyüş atları) idi. Hökm həmişə səbəb ilə bağlıdır, buna görə, əgər düşməni ən çox qorxudacaq və ən böyük ziyan yetirəcək zirehli texnika və təyyarələr kimi bir səbəb mövcuddursa, elə bunları hazırlamaq və inkişaf etdirmək lazımdır.” (Bax “Təfsir Əs-Saadi”).
Biz də “Sələf Xəbər” redaksiyası olaraq Uca Allahdan istəyirik ki, dövlətimizə bu şərəfli və vacib ordu quruculuğu işində kömək olsun, bütün əsgər və zabitlərimizi qorusun!