Azərbaycan prezidenti (Allah onu İslam üzərində sabit etsin): “Düşmən layiqli cavab aldı”
1. 180 dəfə baxılıb
APA-nın məlumatına görə, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) Ağdamdakı “N” saylı hərbi hissədə hərbi qulluqçular qarşısında çıxışında bəyan edib ki, “Ermənistan faşist dövləti öz çirkin əməllərindən əl çəkməsə, erməni dövlətinin mövcudluğu sual altına düşə bilər”.
Sonra Prezident təmas xəttindəki vəziyyətlə tanış olduğunu və operativ məlumat aldığını deyib: “Vəziyyət tam nəzarət altındadır. Bizim mövqelərimiz möhkəmdir, güclüdür və təmas xəttində Azərbaycan ordusu tam üstünlüyü əldə edib”.
“Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik və etməliyik. Azərbaycan xalqı öz ordusunu sevir, ona inanır, güvənir. Siz ordumuzun inkişafında böyük xidmətlər göstəribsiniz. Bizim, əlbəttə, bütün hərbi hissələrimizdə xidmət edən əsgər, gizir və zabitlər çox böyük qiymətə layiqdirlər. Ancaq sizin əməliyyatlarınızın, xüsusi təyinatlı bölmələrdə xidmət edən əsgər və zabitlərimizin xüsusi xidməti var. Siz hər an öz həyatınızı risk altına salırsınız, böyük qəhrəmanlıq göstərirsiniz. Mən bunu yüksək qiymətləndirirəm və istəyirəm Azərbaycan xalqı da bilsin ki, bizim necə gözəl döyüşçülərimiz, qəhrəmanlarımız var.”, – Ali Baş Komandan əlavə edib.
Prezident İlham Əliyev çıxışının davamında bir daha vurğulayıb ki, “bura Azərbaycan torpağıdır”: “Bizim işimiz haqq işidir. Biz öz torpağımızda yaşayırıq. Bura Azərbaycan torpağıdır. Buradan bir neçə kilometr məsafədə yerləşən Ağdam şəhəri də Azərbaycan torpağıdır, Xankəndi də, Şuşa da, bütün digər işğal edilmiş torpaqlar da. Ağdam şəhərini erməni quldurları, vəhşiləri yerlə-yeksan edirlər. Buradan Ağdam şəhərinin qalıqları açıq-aydın görünür. İki binadan başqa bütün binalar dağıdılıb. Biz Ağdam şəhərini bərpa edəcəyik. İşğal edilmiş, dağılmış bütün şəhərləri bərpa edəcəyik. Biz o torpaqlara qayıdacağıq, biz bu fikirlə yaşayırıq və yaşayacağıq. Münaqişə öz həllini tapmayana qədər daim öz prinsipial mövqeyimizi nümayiş etdirəcəyik və təmas xəttində üstünlük daim bizdə olacaqdır.”
Sonda Prezident hərbiçilərə minnətdarlığını bildirib: “Göstərdiyiniz qəhrəmanlığa görə sizi bir daha təbrik edirəm, sizə öz minnətdarlığımı bildirmək istəyirəm.
Mən hərbi hissələrdə tez-tez oluram. Təmas xəttində də, bu bölgədə də, digər mövqelərdə də olmuşam. Bir daha demək istəyirəm ki, mənə operativ məlumat verilir. Ancaq bu gün gəlmişəm ki, sizinlə birlikdə bu səngərlərdə olum, sizə öz sözümü deyim və Azərbaycan xalqını buradan əmin edim ki, Azərbaycan Ordusu Azərbaycan dövlətini qoruyur və öz məqsədinə çatacaq. Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Sizi şərəfli xidmətinizdə bir daha salamlayıram və sizə bu şərəfli işdə yeni uğurlar arzulayıram”.
Sələf Xəbər: Görkəmli İslam alimi, Həsən Əl-Basri (Allah ona rəhmət etsin) rəhbərlər barəsində bunları deyirdi: “Onların səbəbi ilə aşağıdakı beş şey baş verir: Cümə namazı, məscidlərdə camaat namazları, bayramların qeyd edilməsi, sərhədlərin düşmənlərdən müdafiəsi və cinayətkarlara qarşı cəza tədbirlərinin görülməsi. Allaha and olsun ki, yalnız rəhbər olduğu halda İslam düzgün etiqad edilə bilər. Hətta əgər onlar azğınlıq edir və ədalətsizliyə yol verir. Allaha and olsun, Allah elə edir ki, onlardan ziyandan daha çox xeyir gəlir. Və Allaha and olsun, onlara tabe olmaq xeyirdir, onlara qarşı itaətsizlik isə – küfrün əlamətlərindəndir.” (“Ədabul Həsən Əl-Basri”).