Azərbaycan Prezidenti (Allah onu İslam üzərində sabit etsin) Qətər səfirinin etimadnaməsini qəbul edib
734 dəfə baxılıb
Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) bu gün Qətər Dövlətinin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidənin etimadnaməsini qəbul edib.
“Sələf Xəbər”in President.az-a istinadən xəbərinə görə, səfir Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidə etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Diplomat Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd əl Taninin salamlarını dövlət başçısına çatdırıb. Azərbaycanda diplomatik fəaliyyətə başlamasından qürur hissi keçirdiyini deyən səfir iki ölkə arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycan ilə Qətər arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsinin önəmini qeyd edib. Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd əl Tani ilə ötənilki görüşünü və ikitərəfli əməkdaşlıq məsələlərinə dair aparılan səmərəli müzakirələri məmnunluqla xatırlayan Prezident İlham Əliyev münasibətlərin möhkəmləndirilməsində yüksək səviyyəli görüşlərin əhəmiyyətini vurğulayıb.
Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyən dövlət başçısı əməkdaşlığımızın iqtisadi, turizm, birgə investisiya qoyuluşu və digər sahələrdə genişləndirilməsi üçün də yaxşı imkanların mövcudluğunu bildirib.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır.” (Qurani-Kərim, “Hucurat” surəsi, 13 -cü ayə)
“Allah-Təala buyurur ki, Adəmin bütün nəsilləri vahid bir mənşəyə malikdirlər. Onların hamısı bir insan nəslinə mənsubdurlar və bir kişi və bir qadından – Adəm və Həvvadan törədilmişlər. Allah onlardan çoxsaylı kişi və qadınlar yaratmış və onları yer üzündə yerləşdirərək, çoxsaylı xalqlara və azsaylı qəbilələrə çevirmişdir ki, onlar bir-birilərini tanısınlar. Bunun sayəsində insanlar bir-birilərinin hesabına çoxlu yeniliklər öyrənir, bir-birilərinə kömək edir, bir-birilərindən onlara əvvəl məlum olmayan şeyləri mənimsəyirlər”. (Bax: “Təfsir Əs-Saadi”)