Prezident (Allah onu qorusun): “İŞİD son 10 ildə Yaxın Şərqdə həyata keçirilən siyasətin bəhrəsi və həmin siyasətin nəticəsidir”
1. 030 dəfə baxılıb
“Vəziyyəti düzgün qiymətləndirmək üçün bu qondarma strukturun necə əmələ gəlməsini, haradan meydana çıxmasını dəqiq başa düşmək lazımdır”
“Terrorçuları yaxşılara və pislərə bölmək olmaz. Yəni sənin düşməninə qarşı mübarizə aparan terrorçu yaxşı, sənin özünə qarşı mübarizə aparan isə pis terrorçudur. Mənim fikrimcə, öz həllini tapmalı olan başlıca məsələ budur. Bu məsələ dünyanın aparıcı ölkələri tərəfindən həll edilməyincə, radikalizmə və terrorizmə qarşı mübarizədə ümumi anlaşma olmayınca belə vəziyyətlər daim yaranacaq”.
“Sələf Xəbər”-in APA-ya istinadən məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev (Allah onu qorusun) “Rossiya-24” informasiya telekanalına müsahibəsində “İraq Şam İslam Dövləti” terrorçu təşkilatı ilə bağlı sualı cavablandırarkən deyib.
Dövlət başçısı qeyd edib ki, öncə vəziyyəti düzgün qiymətləndirmək üçün bu qondarma strukturun necə əmələ gəlməsini, haradan meydana çıxmasını dəqiq başa düşmək lazımdır: “Axı, o, başqa planetdən uçub gəlməyib. Bütün bunlar ən azı son 10 ildə məhz Yaxın Şərqdə baş verən hadisələrin nəticəsidir. Bu, Yaxın Şərqdə həyata keçirilən siyasətin bəhrəsi və həmin siyasətin nəticəsidir. Bu, bir daha sübut edir ki, radikal, fanatik qrupların dəstəklənməsi məsələlərində çox ehtiyatlı və uzaqgörən olmaq lazımdır”.
Azərbaycan prezidenti bildirib ki, radikalizmə qarşı başlıca qarant təhsildir. Azərbaycanın daxildə radikalizm mənbələrinin olmadığını deyən prezident İ. Əliyev ölkə sərhədlərinin etibarlı qorunduğunu vurğulayıb. “Əlbəttə, deməzdim ki, bu, bizim üçün böyük təhlükədir. Amma təbii ki, biz bu mövzunu izləməliyik. Bu, siz dediyiniz kimi, bizim sərhədlərdən elə də uzaq deyil. Azərbaycanın daxildə radikalizm mənbələri yoxdur. Biz, əlbəttə, müsəlman ölkəsiyik, cəmiyyət öz ənənələrinə, dininə sadiqdir. İslam sülh dinidir. Bizim milli və dini dəyərlərimiz bütün məsələlərin həllinə məhz bu cür sülh yolu ilə yanaşma tələb edir. Eyni zamanda, Azərbaycan dünyəvi cəmiyyəti olan dünyəvi ölkədir, təhsilin yüksək səviyyədə olduğu müasir dövlətdir. Təhsil radikalizmə qarşı başlıca qarantdır. Yüz faiz savadlılıq olan ölkədə, savadlı cəmiyyətin daxilində potensial təhlükə ola bilməz. Lakin kənardan baxanda, əlbəttə, biz regionun bir hissəsiyik, buna görə də Yaxın Şərqdə, sərhədlərimizin ətrafında baş verən proseslər, təbii ki, bizi narahat edir. Ona görə ki, bu, cəmiyyətdə ictimai şüura mənfi təsir göstərə bilər və fiziki təhlükə ola bilər. Lakin bizim sərhədlərimiz etibarlı qorunur”, – deyə o vurğulayıb.
Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında danışmağı onun şərtlərini, qaydalarını bilən alimlər edə bilər. İŞİD terror xəvaric qruplaşmasının etdiyi cihad yox, fitnədir.”