Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycan prezidenti (Allah onu qorusun): “Bakı sakinləri ən gözəl texnika ilə, maşınlarla, avtobuslarla təmin edilməlidir”

İyul 14
10:45 2014

“Burada ən yüksək xidmət göstərilməlidir və gətiriləcək avtobuslar dünyanın ən gözəl avtobuslarıdır”

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev (Allah onu qorusun) Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycana bağlı olan hissəsinin tikintisinin bu ilin sonuna qədər başa çatmalı olduğunu deyib.

“Beləliklə, Gürcüstan ərazisində bu işlər tamamilə başa çatandan sonra biz öz payımıza düşən hissəni icra etmiş oluruq. Bir də ki, Ələt Beynəlxalq Ticarət Limanının birinci mərhələsinin istismara verilməsi məsələsidir. Bu da yaxın aylarda olmalıdır. Birinci mərhələ, ondan sonra ikinci mərhələ. Ancaq artıq bir neçə aydan sonra biz birinci mərhələni istifadəyə verməliyik. Ondan sonra indi şəhərin mərkəzindəki liman köçürüləcək və orada əvvəllər də dediyim kimi, ictimai zonalar, ictimaiyyət üçün parklar yaradılacaq, digər məsələlər öz həllini tapacaq. Çünki indi gördüyünüz kimi, Bakıda boşaldılan bütün ərazilərdə insanların rahatlığı, istirahəti üçün ictimai yerlər salınır”, deyə dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev qeyd edib ki, şəhər nəqliyyatının təkmilləşdirilməsi üçün yeni avtobuslar gətirilməlidir. “Əslində, yeni qurum yaradılır – “Baku Bus” şirkəti. Burada ən yüksək xidmət göstərilməlidir və gətiriləcək avtobuslar dünyanın ən gözəl avtobuslarıdır. Məhz məsələni belə qoymuşuq ki, Bakı sakinləri ən gözəl texnika ilə, maşınlarla, avtobuslarla təmin edilməlidir. Hesab edirəm ki, yeni avtobuslar bir neçə aydan sonra artıq gətiriləcək. Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, o vaxta qədər bütün bu məsələlər – onların parkinq yerləri, sürücülər, sistem, şəffaflıq öz həllini tapmalıdır. Bu, dünya miqyasında bir nömrəli sistem olmalıdır”, deyə dövlət başçısı vurğulayıb.

Metro tikintisi sürətlə getdiyini bildirən prezident İlham Əliyev bu sahəyə əlavə vəsait ayırmasının lazım olduğunu qeyd edib: “Çünki bəzi layihələrin icrası vəsaitin çatışmazlığı ucbatından müəyyən qədər ləngiyir. Vəsaitin çatışmazlığı ona görə baş vermir ki, nəzərdə tutulmayıb, sadəcə olaraq, işlər sürətlə gedir. Biz bu işləri daha da sürətləndirməliyik, çünki metro əsas nəqliyyat vasitəsidir. Metroda həm istismarda, həm metro tikintisində aparılan islahatlar hesab edirəm ki, vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. Yerlərdən gələn təkliflər də bunu göstərir”.

 Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır.” (Müqəddəs Quran, “Ən-Nəhl” surəsi, 8-ci ayə).

Nüfuzlu Quran təfsirçisi, Əbdurrahman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanları bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar. Allah bu ixtiraları adbaad sadalamır, çünki Müqəddəs Kitabda Allahın qullarına məlum olan əşyaların adları çəkilmişdir ki, onları mövcud olan digər oxşar əşyalarla müqayisə etmək mümkündür. Əgər Quranda bu Kitab nazil edilən zaman hələ mövcud olmayan şeylərin adı xatırlansaydı və insanlar o uzaq zamanlarda belə şeylərin bənzərini görməmiş olsaydılar, onda onlar o şeylərin heç mahiyyətini belə dərk edə bilməzdilər. Buna görə Allah ayəni geniş məna ilə nazil etmişdir ki, o, bütün məlum olan və ya naməlum məxluqları əhatə edə bilsin.”

Uca Allah Quranda məhz nəqliyyatı xatırlatması ona görədir ki, bu – Onun insanlar üçün böyük lütflərindən biridir. Hələ bundan bir az əvvəl, maşın, qatar, təyyarə və başqa nəqliyyat növlərinin ixtirasına qədər, insanlar hər hansı rahatlıq olmadan yola həftələr, hətta aylar sərf edirdi, bu gün isə biz rahat şəkildə gün ərzində dünyanın istənilən nöqtəsinə çatırıq, bu da şübhəsiz ki, Uca Allahın bir lütfüdür.

Digər xəbərlər