Azərbaycan Rusiyaya nota verdi
775 dəfə baxılıb
Azərbaycan Ermənistana silah satışı ilə əlaqədar Rusiyaya nota təqdim edib.
“Sələf Xəbər”in Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib: “Kütləvi informasiya vasitələrində Rusiya tərəfindən Ermənistana silah və hərbi texnikanın alınmasını nəzərdə tutan 200 milyon ABŞ dolları dəyərində kredit sazişinin 10 fevral 2016-cı il tarixində qüvvəyə minməsi barədə məlumat verilmişdi. Məsələ ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Rusiya XİN-ə nota ünvanlanıb”.
XİN rəsmisi deyib ki, Azərbaycan tərəfindən dəfələrlə Ermənistanın əldə etdiyi hərbi texnika və sursatı, o cümlədən hücum silahlarını Azərbaycanın işğal olunmuş ərazilərində cəmləşdirməsi barədə təkzibolunmaz faktlar beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb: “İxrac edən dövlətin razılığı olmadan son istifadəçi kimi əldə etdiyi silah və sursatı Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirməklə, Ermənistan öz üzərinə düşən beynəlxalq hüquqi öhdəliklərini və silahlara nəzarət üzrə müvafiq rejimləri və şəffaflığı ciddi şəkildə pozur. Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və işğal edilmiş ərazilərdə öz hərbi mövcudluğunu möhkəmləndirməsi şəraitində Ermənistana xüsusilə hücum xarakterli silah və hərbi texnikanın verilməsi münaqişənin həllinə xidmət etmir, əksinə, Azərbaycan ərazilərinin işğalının davam etməsinə və gərginliyin artmasına rəvac verir”.
H.Hacıyev vurğulayıb ki, Ermənistana bu kimi hücum xarakterli silah və texnikanın verilməsi Azərbaycan ictimaiyyəti tərəfindən də ciddi neqativ reaksiya ilə qarşılanır: “Azərbaycan tərəfi son istifadəçi şəhadətnaməsinə uyğun olaraq, ixracatçı tərəfin bu silah və hərbi texnikanın Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri və Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdirilməyəcəyinə dair zəmanətin veriləcəyini gözləyir”.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)
“Qeyri-müsəlmanların müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)