Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycan sərhədini pozanlar saxlanılıb

Yanvar 18
15:44 2016

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2015-ci ilin dekabr ayı ərzində dövlət sərhədini pozduqları üçün 31 halda 48 nəfər saxlanılıb.

“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, onların 21 nəfəri Azərbaycan, 13 nəfəri Banqladeş, 5 nəfəri Özbəkistan, 4 nəfəri İran İslam Respublikası, hər ölkədən bir nəfər olmaqla Rusiya Federasiyası, Qırğızıstan, Pakistan, Tacikistan, Moldova vətəndaşıdır. Sərhəd rejim qaydalarını pozduqlarına görə Xəzər dənizində 5 halda 5 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Cinayətkarlğa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 399 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 13 halda 13 kiloqram 123 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Dekabr ayının 6-da Biləsuvar rayonunun Səmədabad kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilən axtarış tədbirləri nəticəsində dövlət sərhədində gizlədilmiş 6 kiloqram 190 qram heroin, 3 kiloqram 65 qram marixuana, 1 kiloqram 160 qram tiryək, 30 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Dekabrın 18-də Cəlilabad rayonunun Zəhmətabad kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Cəlilabad rayon sakini Əliyev Cavid Zikrəli oğlu 1 kiloqram tiryək və 1,3 kiloqram heroini Azərbaycana gətirmək istəyərkən yaxalanıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 71 halda ümumi dəyəri təqribən 932 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd beşaçılan tüfəng, 26 ədəd 12 mm-lik patron, 2 ədəd beşbarmaq, 20 020 ABŞ dolları, 14 ədəd mobil telefon, 1 ədəd durbin, 10 444 qutu siqaret, 11 121 ədəd pirotexniki vasitə, müxtəlif dərman preparatları, ərzaq və sənaye malları saxlanılıb.

Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 200-cü ayə)
“Uca Allah əmr edir ki, insan səbrini yığıb sərhədlərdə xidmət etsin. “Səbrini yığmaq” dedikdə, bu, heç bir şəraitdə səbirsizlik göstərməməyi və həmişə düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhədlərdə xidmət etmək” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənə niyyət etdiyinə nail olmağa imkan verməmək nəzərdə tutulur.
Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyəvi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edəcəklər və həmçinin dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas olacaqlar”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər