Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycan və Türkiyə Xarici İşlər nazirlərinin görüşü keçirildi

Avqust 29
17:53 2015

Nazirlər Dağlıq Qarabağ münaqişəsinin Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə həll edilməməsinin Cənubi Qafqazda sülh və təhlükəsizliyə başlıca əngəl olduğunu bildiriblər.

Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkmənistan və Türkiyə Xarici işlər nazirlərinin Antalyada keçirilən üçtərəfli toplantısı çərçivəsində Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, Azərbaycan XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə Azərbaycan və Türkiyə arasında ikitərəfli və çoxtərəfli əlaqələrə aid olan məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Terrorizmin bütün forma və təzahürləri, o cümlədən Türkiyədə son günlərdə törədilən terror aktları qəti şəkildə pislənib, terror qurbanı olan şəhidlərin ailələrinə başsağlığı ifadə olunub.

Tərəflər regional əməkdaşlığın inkişafına, iqtisadi-ticarət əlaqələrinin və mal dövriyəsinin artmasına xidmət edəcək Bakı-Tbilis-Qars dəmir yol xəttinin tezliklə fəaliyyətə başlayacağından məmnunluğunu bildirib. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrinin ardınca TAP və TANAP qaz layihələrinin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacağı və regionun enerji mənzərəsini dəyişəcəyi vurğulanıb.

Bu günlərdə Azərbaycan və Türkiyə silahlı qüvvələrinin iştirakı ilə Azərbaycanda keçirilən təlimin və ümumiyyətlə, iki qardaş ölkə arasında hərbi sahədə əməkdaşlığın əməliyyat imkanlarının artırılmasına və regional sülh və təhlükəsizliyin möhkəmlənməsinə xidmət etdiyi qeyd olunub. Ermənistan-Azərbaycan münaqişəsinin Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə həll edilməməsinin Cənubi Qafqaz regionunda sülh və təhlükəsizlik üçün başlıca maneə olduğu bildirilib.

Üçtərəfli formatda Azərbaycan, Türkiyə və Türkmənistanın iştirakı ilə davamlı əsasda keçirilən bu görüşlərin kəsb etdiyi əhəmiyyət vurğulanıb. Bu formatda olan toplantıların üç ölkə arasında siyasi, iqtisadi, ticarət, humanitar, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd olunub.

Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparılıb.

Sələf Xəbər: Müsəlmanların bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!

Digər xəbərlər