Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycan XXVII Moskva Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq

Sentyabr 02
17:33 2014

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirliyin təşkilatçılığı ilə ölkəmiz 3-7 sentyabr 2014-cü il tarixində XXVII Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunacaq.

1987-ci ildən etibarən hər il keçirilən Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası dünyanın nüfuzlu sərgilərindən biri hesab olunur. Hər il sərgidə çox sayda yerli və xarici nəşriyyat-poliqrafiya müəssisələri, kitab sənəti ilə məşğul olan təşkilatlar təmsil olunur.

Moskva sərgisində iştirak milli mədəniyyətimizin, sürətlə inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təbliğ olunması, ümumən respublikamızda aparılan genişmiqyaslı quruculuq işlərinin və əldə olunan uğurların dünyaya çatdırılması üçün mühüm vasitədir.

Milli stendə “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı reklam vasitələri yerləşdiriləcək, maraqlananlara ölkəmizin ev sahibliyi edəcəyi beynəlxalq tədbir haqqında dolğun informasiyaların əks etdirildiyi broşür və bukletlər paylanılacaq.

Sərgi çərçivəsində X Beynəlxalq “Kitab Sənəti” müsabiqəsində qalib gəlmiş kitabların mükafatlandırma mərasimi keçiriləcək.

Digər xəbərlər