Azərbaycanda abortla dayandırılan hamiləliklərin statistikası açıqlandı
1. 085 dəfə baxılıb
Azərbaycanda hamiləliklərin 46 faizi diri doğuşla başa çatır, 49 faizi isə abortla dayandırılır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bu, Dövlət Komitəsi və BMT-nin Əhali Fondu tərəfindən 2012-ci ildə keçirilən və 2013-cü ildə nəticələri çap edilən “Azərbaycanda doğulan uşaqların cinsə görə nisbətinin pozulmasına zəmin yaradan mexanizmlər: keyfiyyət və kəmiyyət əsaslı tədqiqat”da öz əksini tapıb.
Tədqiqatda qeyd edilir ki, süni abortla dayandırılan hamiləliklərin sayı qadının yaşı və hamiləliklərin sıra nömrəsi artdıqca daha da yüksəlir. 34-35 yaş arası qadınlar arasında hamiləliklərin dörddə üç hissəsi abortla nəticələnir.
Azərbaycanda abortlar əsas etibarilə ailəli qadınlar tərəfindən ikinci doğuşdan sonra nəsilverməni tənzimləmək məqsədilə istifadə olunur. İlk hamiləliklərin yalnız 2 faizi abortla nəticələnir, lakin beşinci və daha sonrakı hamiləliklərdə bu göstərici 83%-ə qalxır. Ailədə olan uşaqların sayı artdıqca abortu həyata keçirən qadınların faizi də çoxalır.
Tədqiqatın nəticələrinə görə, ailəli qadınların yarıdan çoxu (56%) ən azı bir abort əməliyyatı keçirib. Abort əməliyyatı keçirmişlərin faizi yaş artdıqca çoxalır. 40-44 yaşdan başlayaraq qadınların dörddə üçü (73 faiz) həyatlarında ən azı bir abort əməliyyatı etdirib.
Quba-Xaçmaz və Lənkəran regionlarında bu təcrübə (müvafiq olaraq 44 və 47 faiz) ən aşağı səviyyədədir, lakin Gəncə-Qazax regionunda (62 faiz) ən yüksək səviyyədədir.
Təhsil səviyyəsinə gəldikdə, ən aşağı təhsilli və ən yuxarı təhsilli qadınlar başqa qadınlara nisbətən daha az abort əməliyyatı keçirirlər. Qadınların maddi vəziyyətinə görə nəzərəçarpacaq fərq müşahidə olunmur.
Sələf Xəbər: Xatırladaq ki, İslam, müsəlmanları böyük ailələrə sahib olmağa həvəsləndirir. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) öz ümmətinə bunu əmr edir: “Sevən və doğar qadınlarla evlənin! Həqiqətən, mən sizin çoxluğunuzla fəxr edəcəyəm” (Əbu Davud 2050).
Qeyd etmək lazımdır ki, abort – qətldən başqa bir şey deyildir, bu da ən böyük günahlardan biridir. Müasir insanın həyat tərzi ona böyük ailə saxlamaqda müəyyən çətinliklər yaradır, əksər qadınların abort etməsinin başlıca səbəbi də elə budur. Abort İslamın mənəvi etikasına ziddir və insanın Uca Allaha imanının zəifliyindən xəbər verir, halbuki, Allah yoxsulluq qorxusu ilə abort etməyi qadağan edib: “Yoxsulluq qorxusundan uşaqlarınızı öldürməyin. Axı onların da, sizin də ruzinizi Biz veririk. Onları öldürmək, həqiqətən də, böyük günahdır.” (Müqəddəs Quran, “İsra” surəsi, 31-ci ayə).
Buna görə, büdcəsini düşünərək abort edənlər, ilk növbədə, Allahın bu vədinin doğruluğuna şübhə edir. Lakin, qeyd etmək lazımdır ki, Allahın bizə göndərdiyi mükəmməl dinimizdə insanın rastlaşa biləcəyi bütün hallar xırdalıqları ilə nəzərə alıb. Axı qadının tibbi göstərişlərə və ya başqa üzrlü səbəblərə görə abort etməyə məcbur olduğu hallar var.
Quranın və səhih Sünnənin mətnlərini öyrənib, Səudiyyə Ərəbistan Krallığının daimi komitəsinin alimləri fətva veriblər: “Hamiləlikdə əsas odur ki, başqa şəriət səbəbi yoxdursa, qadının hamiləliyin istənilən mərhələsində abort etməsi qadağandır. Əgər döl laxta mərhələsindədirsə, bu qırx və daha az olan müddətdir, və abortda şəriət cəhətdən xeyir və ya ziyanın qarşısını almaq niyyəti varsa, onda bu mərhələdə abort etmək icazəlidir. Buna səbəb uşağı tərbiyə etməkdə çətinliklər qorxusu, və ya uşağı saxlamaq üçün maddi imkanın olmamağı, və ya uşaqların müəyyən sayı ilə məhdudlaşmaq və s. qeyri-şəriət səbəbləri olmamalıdır. Qırx günü keçmiş hamiləliyin müddətinə gəlincə isə, abort etmək qadağandır, çünki qırx gündən sonra o bədənə çevriləcək və insanın yaranmasının ilk mərhələsində olacaq. Etibarlı həkimlərdən ibarət komitənin qərarına görə, hamiləliyin davam etməsinin ananın həyatı üçün təhlükə olması və onun ölməsi ilə nəticələnə bilməsi ehtimalı olduğu hallar istisna olmaqla, bu dövrdə abort etmək olmaz” (Bax “Fətava əl-Ləcnə” 21/450).