Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycanda ailələrin dağılmasına səbəb nədir?

Sentyabr 13
18:31 2014

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, 2014-cü ilin yanvar-iyul ayları ərzində rəsmi orqanlar tərəfindən ölkədə 44 min 500 nikah qeydə alınıb. Rəsmi boşananların sayı isə 6 min 900 nəfərdir. Ümumiyyətlə, 6 ayda əhalinin hər min nəfərinə 8,1 nikah və 1,3 boşanma düşüb.

“Boşanmaların sayının artması ölkədə ailə münasibətlərində ciddi böhranın olduğunun göstəricisidir”, boşanma hallarının artmasına münasibət bildirən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova modern.az-a deyib.

“Rəsmi statistikadan başqa, qeyri-rəsmi nikahda olanlar, yeni vətəndaş nikahı və dini nikahda olub boşananların sayını biz dəqiqləşdirə bilmirik. Eləcə də erkən nikahda olub, amma rəsmi nikahı olmayanlar da var”.

M.Zeynalova qeyd edib ki, insanlar bir-birlərinə inanmırlar, halbuki evlənən cütlüklər arasında qarşılıqlı inam və etibar olmalıdır: “Ailə quran şəxslər gələcək həyatını sığortalayacaq hüquqi addımlar atmırlar. Əsasən də nikah müqaviləsinin bağlanması məsələsində”.

Birliyinin sədri ailə münasibətlərinə kənardan müdaxilənin də son qoya biləcəyini vurğulayıb: “Qohumluq münasibətlərindən tutmuş, sosial şəbəkələrə qədər olan münasibətlər ailələrə təsir edir. Əvvəllər ailədə böyüklük ailə dəyərlərinin möhkəmlənməsinə yönəlik idisə, indi bu addımlar daha çox dağıdıcı rol oynayır”.

O bildirib ki, əvvəllər ailənin təməlini qoruyan, saxlayan qadınların davranışlarında da ciddi dəyişiklik nəzərə çarpır: “Hazırda ailənin dağılmaması üçün ən çox kişilərin dözümlülük göstərdiyini müşahidə edirik. Digər bir hal isə hər iki tərəfin xəyanət etməsi və bunu normaya çevirməsidir. Belə ki, hətta bu münasibətlər də ciddi qeyri-sosial hal alıb. İndi qadınlar arasında xəyanətin artması ciddi siqnaldır və bunun qarşısının alınması qarşılıqlı öhdəlik və məsuliyyətin dərk edilməsi ilə mümkün ola bilər”.

O, bəzən ailəni yalnız nəsil artırmaya görə quranlardan da danışıb: “Öhdəlik və məsuliyyət hissi ilə ailə qurulmasına şüurlu daxil olmayan tərəflər də çoxdur. Bu, sadəcə nəsil artırma missiyasına bənzəyir. Ailələr ya romantika – sevgi, ehtiras əsasında və yaxud da tərəflərin valideynlərin israrı ilə qurulur”.

Ailələrin tərəflərin intellekt səviyyəsinə uyğun qurulmasının da bəzən bu boşluqlardan biri olduğunu deyən M. Zeynalova bizim cəmiyyətdə təbəqələşmə prosesinin dərin kök saldığını və insanların daha çox bu əsarətin altında olduğunu vurğulayıb.

“Onlar düşünür ki, özlərindən aşağı təbəqə ilə ailə qursalar, bu zaman hakimiyyət onun əlində olmalıdır. Ailədə hökmranlıq uğrunda mübarizə də ailənin dağılmasına təsir edir. İndi qadınların da bunun üçün mübarizə aparması maraqlı obyektdir. Ailədə birgə qərardan çox, hakimlik hissi özünü göstərir. Ailədə zorakılıq faktoru da boşanmalara təsir edir.”, o, əlavə edib.

M.Zeynalova vurğulayıb ki, boşanmaların sayının çox olması, yalnız psixoloji faktorla ölçülə bilməz, bir ailə çevrəsindən kənarda baş verənlərin ailələrə təsirini mütləq nəzərə almalı və sosial psixoloji faktın da ailələrinin dağılmasında rolu qeyd olunmalıdır.

“Cəmiyyətdə aqressiya, qadınlar haqqında xoşa gəlməyən miflərin formalaşması, kişilərin cəzasız qala biləcəyi düşüncələri, qadınlar haqqında əlçatanlıq düşüncəsi, iş yerlərində zorakılıq, psixoloji və ya seksual gərginliklər də ailəyə transfər edilən səbəblərdir”.

Xatırladaq ki, 2013-cü ildə 86852 rəsmi nikah qeydə alınıb. Ötən il baş verən boşanmaların sayı 11730 olub. Qeydə alınan 40528 nikah, 3279 boşanma hadisəsi kənd yerlərində, 46324 nikah, 8451 boşanma hadisəsi isə şəhər yerlərində qeydə alınıb.

Azərbaycanda ötən il nikaha daxil olanların orta yaşı qadınlar arasında 24, kişilərdə 28 yaş olub. Birinci dəfə nikaha daxil olanların orta yaşı kişilərdə isə 27.7, qadınlarda 23.7 yaş olub.

Qadınlar arasında nikaha daxil olanların orta yaşı ən yüksək 1990-cı ildə, kişilər arasında isə 2002-2003-cü illərdə olub.

 Sələf Xəbər: Uca Allah buyurur: “Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun.” (Müqəddəs Quran, “Nisa” surəsi, 19-cu ayə).

“Allah ərlərə öz arvadları ilə ləyaqətlə dolanmağı əmr edir və bu hökm bütün yaxşı sözlərə və ləyaqətli əməllərə aid edilir. Buna görə ərlər öz arvadları ilə yaxşı davranmalı, onlara əziyyət verməməli, onlara yaxşılıq etməli, onlarla özünü xoşrəftar aparmalıdır. Bura həm də onlar üçün geyim almaq və digər ehtiyacları üçün maddi vəsait sərf etmək daxildir, özü də hər bir kişi arvadlarını öz vəziyyətinə və arvadlarının vəziyyətinə uyğun, yaşadıqları dövrün və ölkənin adət-ənənələrinə müvafiq olan tərzdə təmin etməlidir. Şübhəsiz ki, bu vəzifələr çoxsaylı şərtlərdən asılıdır.

Daha sonra Allah ərlərə müraciət edərək bildirir ki, ərlər arvadlarını, hətta onlardan xoşları gəlməsə belə, öz yanlarında saxlamalıdırlar, çünki bunda onlar üçün böyük xeyir vardır. Bu xeyir insanın Allaha itaət etməsi və Onun nəsihətlərini qəbul etməsi ilə bağlıdır ki, bu da öz növbəsində, həm bu dünya və həm də ölümdən sonrakı Axirət həyatında xoşbəxtliyin rəhnidir. Bu xeyir həm də onunla bağlıdır ki, insan, arvadını sevməməsinə baxmayaraq, ailəsini saxlamağa çalışdıqda, öz hisslərini cilovladıqda, gözəl əxlaqi keyfiyyətlərə nail olur. Zaman ötüşdükcə onun arvadına qarşı sevgisiz münasibəti aradan qalxa bilər və yerini mehribanlıq və qarşılıqlı anlaşma tuta bilər. Belə hallar nadir deyil. Elə də ola bilər ki, arvad onun üçün mömin bir övlad dünyaya gətirər və o da öz valideynlərinə həm bu dünyada və həm də Axirət həyatında xeyir verər.” (Bax “Təfsir Əs-Saadi”).

“Boşanma Allahın ən sevmədiyi halaldır” (Əbu Davud, Talaq, 3).  Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər