Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycanda benzin ucuzlaşa bilər

Dekabr 02
21:05 2014

“Şərqi Avropada benzinin qiymətinin aşağı düşməsi praktiki olaraq Azərbaycana idxal edilən benzinin qiymətinin aşağı düşməsinə səbəb olacaq. Bu baxımdan Azərbaycanda benzinin qiyməti düşə bilər”.

“Sələf Xəbər” Avropa.info-ya istinadən bildirir ki, bunu açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, qiymət enməsi yaxın zamanlarda müşahidə oluna bilər: “Azərbaycanda 3 növ benzin təklif olunur.

Onlardan biri 92 markalı benzindir ki, onun neftin dünya bazarındakı qiymətdən asılılığı yoxdur. Neftin dünya bazarındakı qiymətindən asılı olmayaraq həmin benzinin qiyməti Tarif Şurası tərəfindən müəyyənləşdirilir və neftin qiymətinin aşağı düşməsi həmin benzinin qiymətinə təsir göstərmir.

Amma 95 və 98 markalı benzinlər birbaşa neftin dünya bazarındakı qiymətdən asılıdır. Əgər neftin dünya bazarında qiyməti aşağı düşürsə, artıq bu həmin benzinlərin ölkəyə idxalında qiymətlərin azalmasına gətirib çıxarır”.

V.Bayramov bildirib ki, hazırda Avropada benzinin qiymətində kəskin azalmalar müşahidə edilməyib: “Benzin istehsal edən zavodların hər zaman ehtiyatı olur. Onlar həmin ehtiyatı daha yüksək qiymətə aldıqları neft hesabına formalaşdırıblar. Benzin istehsalında əsas istifadə edilən xammal neftdir. Artıq həmin ehtiyat başa çatıb.

Dekabr ayından başlayaraq Avropa bazarında benzinin qiymətində azalmaların olacağı proqnozlaşdırılır. Azərbaycan 95 və 98 markalı benzini Şərqi Avropadan idxal edir. Bu o deməkdir ki, Şərqi Avropada benzinin qiymətinin aşağı düşməsi praktiki olaraq Azərbaycana idxal edilən benzinin qiymətinin aşağı düşməsinə səbəb olacaq. Yaxın günlərdə 95 və 98 markalı benzinin qiymətlərində azalmaların olacağı gözlənilir. Çünki iqtisadi baxımdan həmin benzinlərin qiymətində azalmalar qaçılmazdır”.

Digər xəbərlər