Azərbaycanda bir gündə 178 ədəd partlamamış hərbi sursat aşkar edilib
695 dəfə baxılıb
Aprelin 24-də Azərbaycanda 178 ədəd partlamamış hərbi sursat və 2 ədəd mina aşkarlanıb.
“Sələf Xəbər”in APA-ya istinadən xəbərinə görə, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 24 aprel 2016-cı il tarixində Tərtər, Füzuli, Ağdam və Samux rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat yayıb.
Hesabata əsasən, Tərtər rayonunun Qapanlı kəndində 2 ev və həyətyanı sahədə 5 partlayış yerinə baxış keçirilib, 1 ədəd 122 mm-lik top mərmisi və 2 ədəd 122 mm-lik partlamamış top mərmisinin partladıcısı aşkar edilərək götürülüb. Füzuli rayonunun Alıxanlı kəndində 2 ev və həyətyanı sahəyə, Çaxır zavodu ərazisində 2 partlayış məntəqəsinə və 4 bələdiyyə torpağı ərazisinə baxış keçirilib, 8 partlamış top mərmisinin qəlpələri aşkar edilib. Ağdam rayonunun Əfətli kəndi ərazisindən keçən Qar-Qar çayı ilə axıb gələn 2 ədəd PMN minası partlayış yolu ilə məhv edilib. Samux rayonunun Kolayır kəndində 160 ədəd 12.7 mm-lik və 15 ədəd 7.62 mm-lik patron aşkar edilib.
Hesabatda qeyd olunur ki, 24 aprel 2016-cı il tarixində Agentlik tərəfindən 7 ev, 26 partlayış yeri yoxlanılmış, 178 ədəd partlamamış hərbi sursat və 2 ədəd mina aşkar edilib və 28 120 kv. m ərazi yoxlanılıb.
Ümumilikdə, Agentlik tərəfindən 7-24 aprel 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy və Tovuz rayonlarında 334 ev və həyətyanı sahəyə, 2 hərbi hissə, 1 kənd qəbirstanlığı, 1 kənd orta məktəbi, 5 ferma, 4 əkin sahəsi və 1 ədəd çaxır zavodu ərazisinə baxış keçirilmiş və 941 ədəd partlamamış hərbi sursat və 8 (səkkiz) ədəd piyada əleyhinə mina (PMN) aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 200-cü ayə)
“Uca Allah əmr edir ki, insan səbrini yığıb sərhədlərdə xidmət etsin. “Səbrini yığmaq” dedikdə, bu, heç bir şəraitdə səbirsizlik göstərməməyi və həmişə düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhədlərdə xidmət etmək” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənə niyyət etdiyinə nail olmağa imkan verməmək nəzərdə tutulur.
Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyəvi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edəcəklər və həmçinin dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas olacaqlar” .(Bax: “Təfsir Əs-Saadi”)