Azərbaycanda çoxuşaqlılığa meyllik azalıb
924 dəfə baxılıb
“Sələf Xəbər” ANSPRESS-ə istinadən Azərbaycanda çoxuşaqlı ailələrin vəziyyətindən söz açır.
Statistikaya görə, 2013-ci ilin sonuna ölkəmizdəki əhalinin sayı 9,4 mln. təşkil edib. 1991-ci ildə isə bu rəqəm 2,2 mln. az olub. Ümumilikdə əhalinin sayında artım olsa da, statistik rəqəmlərdə göstərilir ki, 1991-ci ildə hər min nəfərə doğulan uşaqların sayı 26,6 təşkil edirdisə, 2013-ci ildə bu rəqəm azalaraq 18,6 olub. Bu da ailələrdə çox uşaqlılığa meylin azaldığını göstərir.
Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova ANS PRESS-ə verdiyi açıqlamasında bu mövzuya toxunaraq bildirib ki, demoqrafik problemlərdən daha çox çoxuşaqlı ailələrin vəziyyəti ilə maraqlanmaq lazımdır: “Bu sahədə geniş bir tədqiqat aparılmalıdır. Yəni ailələrin ehtiyacları və tələbatları öyrənilməlidir. Gələcəkdə belə tədqiqatlar aparılacaq”.
O, qeyd edib ki, 2013-ci ildə sosial müavinətlər haqqında qanuna dəyişiklər edilən zaman beşdən çox uşağı olan ailələrə sosial müavinət müəyyən edilib. Lakin şöbə müdiri bunun çoxuşaqlı ailələrin statusu kimi qiymətləndirilmədiyini deyir, çünki hələlik ölkədə çoxuşaqlı ailələr barədə xüsusi qanunvericilik aktı yoxdur.
“Кomitə olaraq biz, xüsusi qanunvericilik aktı təklifi ilə çıxış etmişik. Layihə hazırlanaraq hökumətə təqdim edilib. Layihədə beş və ondan çox uşaq olan ailələr “çoxuşaqlı ailə” statusunu alır. Bu kateqoriyaya üçəm uşaqların olduğu ailələri də daxil edilib. “Qəhraman ana” statusu on uşağı olan qadınlar üçün nəzərdə tutulub. Lakin bu günə qədər bu təkliflər layihə olaraq qalıb”, deyə Taliyə İbrahimova bildirib.
Komitə rəsmisi onu da qeyd edib ki, aztəminatlı ailələr üçün dövlət yardımları mövcuddur. Buna misal olaraq Taliyə İbrahimova ünvanlı sosial yardımı göstərib. 2013-cü ildən ünvanlı sosial yardım 93 manata qaldırılıb, komitə rəsmisi əlavə edib.
Onun sözlərinə görə, Azərbaycanda çoxuşaqlı ailələrin əsas problemi yaşayış yerinin olmamasıdır: “Yerli icra hakimiyyətlərin səlahiyyətləri var ki çoxuşaqlı ailələrin sosial müdafiəsi ilə bağlı müəyyən tədbirlər görsünlər. İcra nümayəndələri belə ailələrlə maraqlanmalıdırlar. Torpaq sahəsi ayrılmalıdır. Hansısa problemlərini həll etməlidirlər.”, deyə Taliyə İbrahimova bildirib.
Sələf Xəbər: Bilmək lazımdır ki, xalqın çoxsaylı olması – onun gücüdür. Buna görə Şueyb peyğəmbər (Allahın ona salamı olsun) öz xalqına belə dedi: “Xatırlayın ki, siz az idiniz, O sizi çoxaltdı.” (Müqəddəs Quran, “Əraf” surəsi, 86-cı ayə).
Məhz buna görə, Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) müsəlmanları çoxuşaqlı ailələr sahib olmağa həvəsləndirirdi: “Sevən və doğar qadınlarla evlənin! Həqiqətən, mən sizin çoxluğunuzla fəxr edəcəyəm” (Əbu Davud).
Xalqın çoxluğu həmçinin Uca Allahın bizə verdiyi nemətlərdən biridir. Buna görə, Uca Allah İsrail oğullarına bəxş etdiyi nemətləri sadalayaraq buyurur: “Sonra sizə onların üzərində yenidən qələbə qazandırdıq, var-dövlət və oğullarla sizə yardım etdik və sizin sayınızı çoxaltdıq.” (Müqəddəs Quran, “İsra” surəsi, 6-cı ayə).