Azərbaycanda daha bir unikal əməliyyat
1. 012 dəfə baxılıb
Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATU-nun Tədris Terapevtik Klinikasının həkimləri Azərbaycanda ilk dəfə kəskin insult xəstəsində beyin damarında tromb əməliyyatını uğurla icra ediblər.
36 yaşlı xəstə qadın Universitetin Tədris Terapevtik Klinikasına müraciət edərkən 3 saat ərzində sol qol və ayağını hərəkət etdirə bilmirmiş. Xəstənin nevroloji dəyərləndirməsi zamanı həkimlər beynin sağ tərəfində ciddi insultdan şübhələniblər. Sonradan tomoqrafiya zamanı bu diaqnoz təsdiqlənib. Məlum olub ki, sağ daxili yuxu arteriyası 100 faiz tromblaşıb.
ATU-nun həkimləri tərəfindən ilk dəfə olaraq beyin damarlarından trombun çıxarılması (trombektomiya) əməliyyatı uğurla həyata keçirilib. Saat yarım davam edən əməliyyat kardioloq-aritmoloq, dosent Fərid Əliyev və invaziv-radioloq Ağakişi Yəhyayev tərəfindən icra olunub. Xəstə artıq reanimasiya şöbəsindən çıxarılıb.
Dosent Fərid Əliyev hazırda xəstənin vəziyyətinin stabil olduğunu bildirir. Onun sözlərinə görə, belə xəstəliklər zamanı ölüm ehtimalı çox yüksəkdir: “Çünki beyin yarımkürəsi tam insult idi. Amma biz insultun, ətrafdakı toxumaların ölümünün qarşısını ala bilmişik. Cavan xəstələr insultu daha pis keçirirlər. Çünki gənc insanlarda qan dövranı ani ortaya çıxan tıxanmaya cavab verə bilmir. Xəstənin vəziyyətində hazırda pisləşmə yoxdur. Artıq sol ayaqda güc tonusu bərpa olmağa başlayır. Xəstənin vəziyyəti tam sabitləşəndən sonra insultu ortaya çıxaran səbəblər araşdırılacaq”.
“Ey Allahın qulları, müalicə olunun. Çünki ALLAH qocalıqdan başqa dərmansız heç bir xəstəlik verməyib” (İbn Macə).Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)