Azərbaycanda dilənçilərlə bağlı təklif
807 dəfə baxılıb
“Onları məskunlaşdıqları rayona göndərmək və orada işlə təmin etmək lazımdır”.
Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov dilənçilərlə bağlı təklif irəli sürüb.
“Sələf Xəbər”in Axar.az-a istinadən məlumatına görə, Rəfael Cəbrayılov açıqlamasında deyib ki, dilənçilərlə bağlı qanunvericiliyin sərtləşdirilməsi real görünmür:
“Dilənçilik-avaraçılıqla bağlı inzibati məsuliyyət mövcuddur. Amma dilənçiliyə cəlbetmə ilə bağlı cinayət məsuliyyəti var. Bundan artıq sərt tədbir görməyi düşünmürəm. Bu insanları inzibati qaydada cərimələsən də, rayona göndərsən də yenə də gəlirlər. Bunun üçün başqa çıxış yolları tapmaq lazımdır. Qanunvericiliyi sərtləşdirməklə nəyəsə nail olmaq olmaz. Təklif edirəm, inzibati metodları işə salmaq lazımdır. Yəni onları məskunlaşdıqları rayona göndərmək və orada işlə təmin etmək lazımdır”.
Millət vəkili vurğulayıb: “Qonaqların Azərbaycana gəlişi ilə dilənçilər üçün “iş mövsümü” başlayır. Variantlardan biri bunların “qaraçı” kimi təqdim olunmasıdır. Yəni qaraçılar dünyanın hər yerində var. Bir neçə il öncə Fransadan 20 mindən artıq qaraçı deportasiya edildi. Bu yöndə təbliğat işləri aparılmalıdır”.
Sələf Xəbər: Uca Allah buyurur: “(Sədəqə) Allah yolunda canından keçərək (dolanmaq, ruzi kəsb etmək üçün) yer üzündə hərəkət edə bilməyən (və ya buna imkanı olmayan) yoxsullar üçündür. Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər. (Ya Rəsulum!) Sən isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər. Sizin mallarınızdan (bunlara) nə verdiyinizi, şübhəsiz ki, Allah bilir!” (Qurani-Kərim, “Bəqərə” surəsi, 273-cü ayə)
Əbu Hureyra (Allah ondan razı olsun) Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə buyurduğunu demişdir: “Kimsə öz malını çoxaltmaq üçün insanlardan pul dilənərsə, o yalnız özü üçün köz istəmiş olar”. (Müslim)