Azərbaycanda dövlət sirrini yayanlar sərt cəzalandırılacaq
745 dəfə baxılıb
Azərbaycanda dövlət sirrini yayanlara qarşı cəzalar sərtləşdirilir.
“Sələf Xəbər”in Trend-ə istinadən məlumatına görə, bu barədə məsələ Milli Məclisin martın 6-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən Cinayət Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb.
Belə ki, Cinayət Məcəlləsinin 284.1-ci maddəsinə edilən dəyişikliyə əsasən, şəxs tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan dövlət sirrini təşkil edən məlumatların yayılması, dövlətə xəyanət əlamətləri olmadıqda, üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Məcəllənin 284.2-ci maddəsinə edilən dəyişikliyə əsasən, eyni əməllər ağır nəticələrə səbəb olduqda, beş ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd edək ki, hazırda Cinayət Məcəlləsinin 284.1-ci maddəsində eyni əməllər üzrə azadlıqdan məhrumetmə cəzası iki ildən beş ilədək müddətə, 284.2-ci maddə üzrə isə üç ildən yeddi ilədək müddətə müəyyən edilib.
Sələf Xəbər: Xəyanət və ya satqınlıq İslamda ən böyük günahlardan sayılır.
Uca Allah buyurur: “Şübhəsiz ki, Allah xainləri sevmir”. (Qurani-Kərim, “Ənfal” surəsi, 58-ci ayə)
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Qiyamət günü Allah-Təala bütün insanları topladıqda xəyanət edən hər kəs üçün bir bayraq qaldırılacaq və deyiləcəkdir: “Bu filankəs oğlu filankəsin xəyanətinin əlamətidir””. (Buxari)
Yəni Hesab günü belə insan bütün insanlar qarşısında rüsvay olacaq və bütün insanlar biləcək ki, bu insan xəyanətkardır.
Həmçinin xəyanət münafiqliyin təzahürlərindən biridir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Dörd (xislət) vardır ki, bunlar kimdə olsa, əsl münafiq sayılar və hər kimdə bunlardan biri olsa belə, onu tərk edincəyə qədər özündə münafiqlik xisləti qalmış sayılar: ona əmanət verildiyi zaman xəyanət edər; danışan zaman yalan danışar; əhd bağladığı zaman (əhdini) pozar; mübahisə etdiyi zaman haqsızlıq edər” (Buxari).